HƏMAS çətin seçim qarşısında: Ya sülh planını qəbul etməli, ya da fələstinliləri məhvə sürükləməlidirlər
Qəzzada davam edən münaqişə və İsrailin endirdiyi zərbələr nəticəsində hər gün dinc əhali arasında ölənlərin və yaralananların olması prezident Co Bayden tərəfindən təklif edilən sülh planının qəbul edilməsini qarşısıalınmaz zərurət kimi ortaya çıxarıb. Vasitəçilər tərəfindən İsrail rəhbərliyinə və HƏMAS liderlərinə təklif edilən Baydenın sülh planı isə HƏMAS tərəfindən rədd edilib. HƏMAS liderləri sülh planından imtinanı onda atəşkəsin birdəfəlik dayandırılması barədə müddəanın olmaması ilə izah ediblər. Qeyd edək ki, Baydenin sülh planında HƏMAS-ı razı salmayan orada atəşkəsin qeyri-müəyyən müddətə dayandırılması ilə bağlı müddəanın olmasıdır. HƏMAS liderləri belə hesab edirlər ki, sənəddə atəşkəsin birdəfəlik dayandırılması ilə bağlı müüdəanın olması vacibdir.
Ümumiyyətlə isə Baydenin sülh planına əsasən bölgədə sabitliyin bərpası üç mərhələdə nəzərdə tutulub. Birinci mərhələdə bölgədə atəşkəs elan edilməli, fələstinli əsirlər girovlarla dəyişdirilməli, hərbi əməliyyatlar qeyri-müəyyən müddətə dayandırılmalı və tərəflər arasında danışıqlar başlanılmalıdır.
İkinci mərhələdə isə İsrail hərbi qüvvələrini Qəzzadan çıxarmalı, HƏMAS isə bütün girovları azad etməli və nəhayət üçüncü mərhələdə beynəlxalq ictimaiyyətin yardımları ilə bölgədə bərpa işlərinə başlanılmalıdır. Bu plan indiki vəziyyətdə bölgədə qırğınların dayandırılması, fələstinli qaçqınlara humanitar yardımların artırılması üçün həyati əhəmiyyət daşısa da, HƏMAS qeyd etdiyimiz kimi atəkəsin uzunmüddətli və ya həmişəlik dayandırılmasını tələb edir.
HƏMAS-ın faktiki olaraq Baydenin sülh planından imtina etməsi isə vasitəçilər olan Qətər və Misir tərəfindən əsəbiliklə qarşılanıb. Hər iki ölkə liderləri HƏMAS liderlərinə xəbərdarlıq ediblər ki, əgər sülh planından imtina etsələr, ona onların bank aktivləri dondurulacaq, sanksiyalara məruz qalacaq, Dohadakı sığınacaqlardan çıxarılacaq və həbs ediləcəklər.
Öz növbəsində ABŞ HƏMAS liderlərinə xəbərdarlıq edib ki, sülh planını qəbul etməsələr, onda onlar bunun ağır nəticələrini öz üzərlərində hiss edəcəklər.
Məsələ ilə bağlı "Vaşinqton Post" yazıb ki, atəşkəsin əldə edilməsinə yol açan sülh planından imtina HƏMAS liderləri üçün intihar anlamına gələcək və ABŞ İsrailin hərbi əməliyyatlarına və bölgədə baş verənlərə neytal mövqedən yanaşmalı olacaq. Nəticədə bölgədə İsrailin əli-qolu daha da açılacaq, humanitar fəlakət yaşanacaq, on minlərlə fələstinli aclıqdan və xəstəlikdən məhv olacaq. Bütün bunların da məsuliyyəti birmənalı şəkildə HƏMAS-ın üzərinə düşəcək.
Hələlik HƏMAS liderlərinin öz mövqelərini dəyişib-dəyişməyəcəkləri məlum deyil. Sülh planından imtina isə HƏMAS liderlərini Misir və Qətərin dəstəyindən məhrum edəcək, onlar həbs ediləcək və ya ən yaxşı halda sığınacaq aldıqları ölkələrdən qovulacaqlar. Bu seçim nə qədər çətin olsa da, onlar bunlardan birini qəbul etməli olacaqlar və bundan başqa çıxış yolları da yoxdur.
Əziz Mustafa, Oxuməni.az