ABŞ Ermənistanın təhlükəsizliyini öz üzərinə götürməyə hazırlaşır
ABŞ Ermənistanın təhlükəsizliyini öz üzərinə götürməyə hazırlaşır.
Ermənistanda Nikol Paşinyanın əleyhinə etiraz aksiyalarının davam etdiyi bir vaxtda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayenin Yerevana səfəri və orada apardığı danışıqlar beynəlxalq aləmin, xüsusilə Rusiyanın diqqət mərkəzindədir.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüş zamanı Ceyms O'Brayen bəyan edib ki, ölkəsi Yerevanla təhlükəsizlik sahəsində əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Onun sözlərinə görə, bu məsələ ABŞ üçün həyati əhəmiyyət daşıyır və Ermənistanın təhlükəsizliyinin təmin edilməsi günümüzün vacib məsələlərindən biridir.
Ceyms O'Brayen İrəvanda Ermənistan və ABŞ arasında strateji dialoq iclasında ölkəsinin istənilən sahədə Yerevana dəstək verməyə hazır olduğunu bir daha qarşı tərəfin diqqətinə çatdırıb.
Ceyms O'Brayenin dediklərindən belə məlum olub ki, ABŞ bütün vasitələrlə Ermənistanı Rusiyanın nəzarəti altından çıxarmağa, onu özünün və müttəfiqlərinin təhlükəsizlik qanadı altına almaq niyyətindədir. Təbii ki, bütün bunlara isə Rusiyanın biganə qalmayacağı heç kimə sirr deyil. Buna mane olmaq üçün Rusiyanın Paşinyanın devrilməsi üçün müxalifət kartından və digər vasitələrdən istifadə edəcəyi şübhə doğurmur.
Əziz Mustafa, Oxuməni.az