Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa edir və Avropa İttifaqından üz döndərir...
Gürcüstan hakimiyyəti ABŞ-ın şantaj və təzyiqlərinə cavab olaraq Rusiya ilə diplomatik münasibətləri bərpa etmək qərarına gəlib.
Bununla bağlı Mtavari telekanalının yaydığı məlumatda deyilir ki, hakim “Gürcü arzusu” partiyası artıq Moskvadakı səfirliklərdə çalışacaq diplomatların seçiminə başlayıb. Buna paralel olaraq Rusiyanın da Tbilisidəki səfirliyinin açılmasına hazırlıqlar gedir.
Bir çox ekspertlər Gürcüstan hakimiyyətinin açıq şəkildə Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə hazırlaşmasını ABŞ-ın xarici qrantlar haqqında qanunun qəbulu ilə bağlı yüksək səviyyəli gürcü rəsmilərinə sanksiyalar tətbiq etməyə hazırlaşmasına verilən cavab kimi dəyərləndirirlər.
Xatırladaq ki, Gürcüstan Rusiya ilə diplomatik əlaqələri 2008-ci ildə Cənubi Osetiya və Abxaziyanın işğal edilməsindən sonra kəsib.
Hələlik Gürcüstanın bu addımına başda ABŞ olmaqla Qərb dövlətlərinin nə cavab verəcəyi məlum deyil. Belə başa düşmək olar ki, Gürcüstan Moskvada səfirliyini yenidən açacağı və iki ölkə arasında diplomatik münasibətlər 16 illik fasilədən sonra bərpa olunacağı təqdirdə, Tbilisinin Avropa İttifaqına üzvlüyü məsələsi baş tutmayacaq. Buraya Gürcüstana Qərbdən göstərilən yardımaların da kəsiləcəyini, bundan sonra gürcülərin Avropaya yolunun bağlanacağını və onların Şengen vizasından istifadə edə bilməyəcəklərini də əlavə etsək, onda bizə qonşu ölkədə olduqca ağır vəziyyətin yaranacağını ehtimal etmək olar.
Hələ bir müddət əvvəl Gürcüstanın Rusiya ilə münasibətləri bərpa etməyə hazırlaşdığı və bundan məqsədin ən azı Abxaziya üzərində suverenliyini bərpa etmək olduğu barədə mətbuatda məlumatlar yayılmışdı. Buna cavab olaraq Abxaziya separatçıları rəsmi şəkildə bəyan etmişdilər ki, onlar müstəqilliklərini bərpa ediblər və bir daha Gürcüstanın tərkibində yaşamayacaqlar.
İstənilən halda Rusiya ilə diplomatik münasibətləri bərpa etməklə Gürcüstanın Abxaziya üzərində suverenliyini bərpa edə biləcəyi inandırıcı görünmür. Necə deyərlər bu məsələdə "Moskvanın oyununa" getməklə Gürcüstanın qazancı itirəcəyindən daha çox olacaq və ölkənin yenidən tam şəkildə işğal altına düşməsi təhlükəsi yaranacaq.
Əziz Mustafa, Oxuməni.az