BİR QADIN TALEYİ

BİR QADIN TALEYİ

21 Oktyabr 16:14
Bəyəndim (17) Bəyənmədim (1)

(REAL HADİSƏLƏR ƏSASINDA)

10-cu hissə

Əvvəli keçən sayımızda

- Sən elə tənqidə layiqsən, fahişə. Çünki sən bura dərs oxumağa deyil, əxlaqsızlığı təbliğ etməyə gəlirsən. Fahişə, sən bir fahişəsən, Cahan!-deyərək Aysel sözünü bitirər-bitirməz Cahan onun bu sözlərinə dözməyib var gücü ilə ona şillə çəkdi.

Aysel Cahandan şillə gözləmirdi. Sanki bu şillə onun üçün gözlənilməz olmuşdu. Cahan isə sərt baxışlarla ona baxaraq dedi:

- Danışığına fikir ver! Mən heç kəsə icazə vermərəm ki, kimsə məni təhqir etsin. Əsasən də bu icazəni sənə vermirəm. Axı sən kimsən, hə?

- Mən kiməm? Məgər bilmirsən kim olduğumu?! Qulaq as, Cahan, qarşındakı uşaq deyil. Hər ikimiz də bu məktəbdə sayılıb, seçilən şagirdlərdənik, amma mənim səndən fərqli bir cəhətim var. Mən sənin kimi məktəbdə özümdən yaşca böyük insanlarla eşq yaşamıram. Çox qəribədir, əvvəl Ömər, daha sonra isə məktəbimizin psixoloqu, yeni gələn oğlanı deyirəm.

Cahan susdu. Aysel isə ona olmazın hər şeyi deyib ona vurduğu şillənin baha başa gələcəyini deyib getdi. Cahandan əsəbi idi, əsəbdən nə edəcəyini hansı addımı atacağını bilmirdi. Bu arada Aysel isə...

Axşam tərəfi idi. Aysel Cahanın yaşadığı binanın həyətinə gəlib bir kənarda oturaraq onun atası Fazili gözləyirdi. Onun atası Fazil ilə qəti danışmaq, Cahan haqqında hər şeyi demək istəyirdi. Təsadüfən eyvandan Ayseli görən Cahanın bacısı Arzu evdə dərslərini hazırlayan Cahana heç bir söz demədən aşağı düşüb çölə çıxaraq Ayseli səslədi. Aysel Arzunu görüb ona yaxınlaşaraq salamlaşdı. Arzu ona baxıb:

- Xeyirdirmi Aysel?-deyə, soruşdu:

-Cahanı görməyə gəlmisən?

-Yox, mən Fazil dayı ilə danışmağa gəlmişəm.

- Atamla?-deyə, Arzu qaşlarını çatdı.

- Hə, mənim onunla söhbətim var.

- Səni başa düşmədim, Aysel. Atamla nə haqda danışacaqsan?

- Qoy bu sənə maraqlı olmasın. Məncə Fazil dayı ilə danışanda hər şeyi bilərsən.

- Qulaq as, özünü çox eqolu aparırsan, məncə belə şeylərə ehtiyac yoxdur. Sən mənim atamla heç nə danışa bilməzsən. Cahanla bağlı nə danışmaq istəyirsənsə buyur, hər şeyi mənə danışa bilərsən.

- Yaxşı da Arzu, mənim işimə qarışma. Mənim kimlə danışmağım isə səni narahat etməsin. Nədir, niyə narahatsan? Olmaya sən də Cahanla bağlı mənim bildiklərimi bilirsən?

Arzu susdu. Ayselə baxıb cavab verməkdə ehtiyat etdi. Əslində qorxmuşdu, lakin qorxusunu üzdə bildirmək istəmirdi. Sadəcə ehtiyatlı davranmağı özünə borc bilirdi. Ayselin nəyi bilib, nəyi bilmədiyi onun üçün maraqlı idi. Öz-özünə: “Başa düşmədim. Bu qız nəyi bilir? Yox, ola bilməz ki, bu mən bilənləri bilsin” deyə, düşünüb üzünü Ayselə tutdu:

- Maraqlıdır, sən nəyə eyham vurursan, Aysel?

- Niyə bu qədər narahatsan?

- Kim, mən? Mın heç nədən narahat deyiləm. Sadəcə mənə maraqlıdır ki, sən Cahan haqqında nə bilirsən?

- Dedim axı uzatmağa ehtiyac yoxdur, Fazil dayı gələndə sən də hər şeyi biləcəksən.

Ayselin söhbəti uzatdığını görən Arzunun artıq səbir kasası daşdı. Bu üzdən də onun qolundan tutaraq:

- Qulaq as ,gör nə deyirəm, sən özünü nə sanırsan. Mənim atamın boş vaxtı yoxdur ki, sənin söhbətlərinə qulaq assın. Rədd ol burdan!-deyərək, onu blokdan çölə çıxartdı.

Təsadüfən eyvandan Arzunu Aysel ilə görən Cahan cəld blokdan aşağı düşdü. Ayselə yaxınlaşıb bacısı Arzudan onları tək qoymasını istədi. Arzu heç bir söz deməyib pilləkənlərlə yuxarı qalxdı. Cahan Ayselə, Aysel isə ona baxdı. Blokda dərin sükut var idi. Bir qədər bir-birlərinə baxdıqdan sonra Cahan dilləndi:

- Gəlmisən ki, ara qızışdırasan?

- Əksinə, gəlmişəm ki, atan hər şeyi öyrənsin. Qızının necə biri olduğunu bilsin.

- Yəni?

- Yəni, sənin bütün əməllərini atana deyəcəyəm, Cahan. Atana sənin fahişə olduğunu belə bildirəcəm.

- Aysel,-deyə, Cahan onun qolundan tutub özünə tərəf çəkdi:

- Yaxşı olar ki, burdan cəhənnəm olub gedəsən. Nə qədər ki, əlim-ayağım sənə dəyməyib, rədd ol get!

- Əsla. Atan hər şeyi bilməyənə qədər, mən heç yerə getməyəcəm.

Artıq səbir kasası daşan Cahan Ayseli qolundan tutub yenidən blokdan bayıra çıxartdı. Müvazinətini saxlaya bilməyən Aysel bu zaman qarşıdan gələn qara rəngli maşına dəyib yerə yıxıldı...

Cahan baş verənlərdən şokda idi. Yerdə yıxılı qalan Ayselin tərpənmədiyini görüb ona yaxınlaşdı, yerə əyilib onu səsləməyə başladı. Ancaq Ayseldən səs gəlmədi. Maşından düşən Cahanın atası Fazil baş verən hadisədən özünü itirməyib Cahana acıqlandı:

- Vay-vay. Deyirəm də sənin kimi bədayaq uşaq görmədim. Hara toxunursan, oranı məhv edirsən.

Cahan isə atası Fazilə qulaq asmayıb Ayseli ayıltmağa çalışırdı. Ayseli maşına qoyan Fazil Cahanı da maşına oturdub düz xəstəxanaya yollandılar. Yolboyu həyəcan keçirməsinə baxmayaraq Fazil həyəcanını boğmağa, bildirməməyə çalışırdı. Cahan isə atasının dediyi kimi özünü günahkar bilirdi.

Artıq xəstəxanaya çatmışdılar. Dəhlizdə Cahan bir kənarda dayanıb həkimi gözləyir, digər tərəfdə Ayselin atası Hamlet ağlayan həyat yoldaşı, Ayselin anası Südabəni sakitləşdirməyə çalışırdı. Dəhlizdə xəstəxananın tibb personalı oyana, bu yana gedir, ara-sıra xəstəxanaya gətirilən yeni xəstələrin qəbulun edib onları yerləşdirməyə çalışırdılar. Cahan olanları evə, hətta Ömərin qardaşı Eltona da bildirmişdi. Elton ora gəlmək istəsə də, Cahan bununla razılaşmamışdı.

Qapının zənginə qapıya yaxınlaşan məktəb psixoloqu Ramin gələn qadın qonağını içəri dəvət edib qapını bağladı. Qonaq otağına keçərək oturdular. Ramin ona baxıb:

- Bu qəfil gəlişi nəyə borcluyam?-deyə soruşdu.

- Son zamanlar səndən xəbər almadığım üçün dedim sənə bir baş çəkim.

- Bəs ərin sənin burda olduğunu bilir?

- Ərimi boş ver. Sən əsas mətləbə keç. Qızla bağlı neyləyə bildin, hə?

- Sənə dedim axı, bu məsələ bir az uzana bilər. Amma hesab elə ki, qız sənindir.

Qadın özündən razı halda divana yayxandı. Raminə baxıb:

- Məncə uzatma, artıq hərəkət etmək lazımdır-dedi.

- Axı, bu qədər niyə tələsirsən. Məgər danışmamışdıq ki, sənin şikarının dadını öncə özüm dadmalıyam.

- Necə bəyəm?

- Birincisi, o, məktəblidir, məktəbin son sinfində oxuyur. İkincisi isə, onu sənin yanına gətirmək çətindir. Başa düş, əgər bu məsələdən kimsə xəbər tutsa, biz ikimiz də əlli-ayaqlı həbs oluna bilərik. Odur ki, addımımızı ehtiyatlı atmalıyıq.

- Mənə diqqətlə qulaq as, mən uzatmağı sevmirəm. Sənə iş demişəm və sən də bu işi görməyi öz üzərinə götürmüsən. İndi mənə hətərən-pətərən danışma. Qulaqlarını aç, məni eşit, qısa bir zamanda mənim tapşırığımla o qızı gətirməsən, məndən incimə. Yeri gəlmişkən, sənin şikarının adı nədir?.

Ramin siqaret yandırdı, qadın qonağına baxıb gülümsədi. Qonaq isə ona verdiyi suala cavab gözləyirdi. Ramin ayağa durub otaqda gəzişməyə başladı. Bir müddət otaqda gəzişib pəncərə önündə dayandı. Qadın onun cavab vermədiyini görüb asta səslə, öskürək səsi ilə sakitçiliyi pozdu:

- Sənə sual verdim axı. Şikarının adı nədir?

- Cahan-deyə, Ramin gözünü pəncərədən ayırmadan cavab verdi.

Gələn naməlum qadın Cahan adını eşidib duruxdu. Yenidən otaqda sükut yarandı, lakin bu sükut çox da uzun çəkmədi. Ramin gözünü pəncərədən ayırıb ona baxdı:

- Nə oldu, səndən cavab gəlmədi?

- Sən əminsən?

- Əlbəttə. Mənim sənə verəcəyim şikarın adı Cahandır.

Gələn qadın qonaq heç bir söz demədi. Ayağa durub getmək istədiyini bildirib Raminlə sağollaşaraq onun evini tərk etdi. Ramin onu yola saldıqdan sonra divanda uzanıb düşüncələrə daldı...

Xəstəxanada Cahan həkimdən cavab gözləyirdi. Atası Fazil isə hadisənin polisə gedib çıxmaması üçün əlindən gələni edirdi. O, yaxşı bilirdi ki, baş vermiş hadisə heç də yaxşı bitən deyil. Bu zaman həkimin ona yaxınlaşıb xəstənin ayıldığını, məhz onu görmək istədiyini bildirib getdi. Hadisənin yaxşı bitməsinə Fazil içində sevindi. Cəld addımlarla Ayselin yatdığı palataya doğru addımladı. Cahan isə heç bir şey anlamadığından Ayselin valideynlərinə baxdı. Ayselin öz ana-atasını deyil, məhz onun atasını görməsi onda şübhələr yaratdı. Fazil isə palataya girib Ayselin yatdığı çarpayıya yaxınlaşaraq onun yanında dayandı. Aysel ona baxıb gözlərini yumdu. Bir qədər keçdikdən sonra gözlərini açıb Fazilə baxaraq:

- Fazil dayı,-deyə udqundu.

- Buyur qızım.

- Narahat olmayın, mən sizdən şikayətçi olan deyiləm. Amma sizdən bir xahişim olacaq.

Fazil Ayselə baxdı. Aysel isə gülümsəyərək dedi:

- Mən sizdən pul istəmirəm, sizə vacib bir sözüm olacaq. Qızınız Cahan...

- Cahan?

- Hə. O, sizin kimi hörmətli bir insanın adına ləkə yaxır.

- Nə?

- Hə, Cahan yeni gələn məktəb psixoloqu ilə eşq yaşayır. Məsləhətim budur ki, onu həkimə göstərin.

- Səbəb?

-Düşünürəm ki, Cahan bakirə deyil.

Ayselin son sözləri Fazilə şillə kimi dəydi. Rəngi əsəbdən qaraldı, lakin özünü toparlamağa çalışdı. Ayselin ona dedikləri onu təəccübləndirmişdi.

Ayselin dedikləri Fazil müəllimdə təəccüb yaratmışdı. Əsəbləşməsinə baxmayaraq əsəbini cilovlamağa çalışırdı. Aysel isə Fazilə Cahanın əməllərindən danışıb onun əxlaqsızlıqla məşğul olduğunu bildirdi. Artıq Fazil heç bir şey eşitmək istəmirdi, palatada qalmağının yersiz olduğunu düşünüb sakitcə ağır addımlarla palatanı tərk etdi. Xəstəxananın dəhlizində bir kənarda dayanmış Cahana baxdı. Ayselin dediklərindən sonra əsəbiləşmişdi, əsəbindən elə Cahanı buradaca yaxşıca əzişdirmək istəyirdi. Lakin bunun əhəmiyyətsiz olduğunu anlayıb özünü toparladı, Cahana yaxınlaşıb onunla birlikdə xəstəxananı tərk edərək evə yola düşdü. Yol boyu Ayselin dedikləri barədə fikirləşirdi Fazil. Evə gəlib çatdıqları zaman heç kəsə bir söz demədən otağına keçdi. Pəncərəyə yaxınlaşıb açaraq dərindən nəfəs aldı. Öz-özünə: “Görəsən Aysel Cahan haqqında olanları düz dedi? deyə düşündü. Siqaret yandırıb çəkərək göydə bədirlənmiş təzə aya baxdı.

Səhər açılmışdı. Hər səhər olduğu kimi Fazil bu gün işə getməmişdi və onun evdə qalması böyük qızı Arzunu təəccübləndirmişdi. Mətbəxdə səhər yeməyi üçün süfrə açıb atası Fazili səslədi. Ağır addımlarla mətbəxə daxil olub masa arxasında oturaraq Arzunun süzdüyü çaydan içdi. Arzu atası Fazilə baxıb soruşdu:

- Nə əcəb evdəsən, ata?

- Məgər mənim evdə olmağa haqqım yoxdur ki? - deyə Fazil onun sualını sualla qarşıladı.

Arzu susdu. Sakitcə çörək dilimi götürüb üzərinə yağ və cem çəkərək Fazilin qabağına qoydu. Fazil:

- Arzu,-deyə çaydan qurtum aldı:

- Son vaxtlar Cahan sənə heç nə deməyib?

- Yox. Məgər bilmirsən ki, Cahan heç kəsə heç nə demir.

- Hmmm...-deyə Fazil cemli çörəkdən dişlədi.

Arzu çay içərək öz-özünə: “Aman Allah, görəsən nə baş verir? Atam olmaya hər şeyi olduğu kimi öyrənib? Aman Allah, məgər mənim atama danışdıqlarım faş oldu”-deyə düşünərək Fazilə baxdı:

- Nəsə olub, ata? Mənim Cahanla bağlı bilmədiyim nəsə var?

- Əslində mən də bilmirəm. Amma şübhə edirəm ki, Cahan nə isə gizlədir. Elə buna görə də mən hər şeyi öyrənəcəyəm.

- Nəyi öyrənəcəksən? Ata, sən çox şübhəli danışırsan.

Fazil qızı Arzuya baxdı. Onun rənginin ağardığını görüb:

- Nədir?-dedi:

- Rəngin niyə ağardı? Olmaya Cahanın pozğunluqla məşğul olduğunu bilirsən?

Arzu heç bir söz demədi. Atası Fazilin sözlərindən şoka düşdü, nə deyəcəyini bilməyib susdu. Ayağa durmaq istədikdə Fazil onun əlindən tutub durmağına imkan vermədi:

- Nə oldu? Sənə verdiyim sual ağır və çətin oldu?

- Yox ata, nəyə görə ki? Sadəcə sənin verdiyin sual məni təəccübləndirdi.

- Nəyə görə? Bilirsən niyə, çünki sənin olanlardan xəbərin var. Hə Arzu, de görüm Cahan haqqında nə bilirsən?

Arzu susdu. Masa arxasından qalxıb çayını təzələdi. Fazil isə ondan cavab gözləyirdi. Arzu çayını təzələyib qayıdaraq atası Fazil ilə üz-üzə oturdu. Nə deyəcəyi, hardan başlayacağını bilmədi. Bir qədər beynində çək-çevir etdikdən sonra udqundu:

- Ata, görürəm dünən sənə hər şeyi deyiblər. Bilirsən ata, sənin eşitdiklərin doğrudur, həqiqətən Cahan pozğunluqla məşğuldur. Bir də ki, mən bunu sənə demişdim axı. Məgər unutmusan?

- Deməli onu həkimə aparmalıyam?...

Ardı növbəti sayımızda