BİR QADIN TALEYİ

BİR QADIN TALEYİ

25 Oktyabr 14:33
Bəyəndim (16) Bəyənmədim (0)

(REAL HADİSƏLƏR ƏSASINDA)

14-cü hissə

Əvvəli keçən sayımızda

...Sərxan isə baş verənlərdən xəbərsiz idi. Artıq Cahanla daha yaxın münasibətləri olduğu üçün Sərxan nişanlısı olan Güneldən belə ayrılmağa hazırlaşırdı. Günel ilə görüşüb danışmaq və bu məsələyə son nöqtə qoymaq istəyirdi. Bu məqsədlə də Sərxan Günelə zəng edib onun evinə yollanmışdı.

Jasmin evə gəldiyi zaman Cahanı tək görüb qonaq otağına keçdi. Cahan divanda oturub Jasminə baxaraq gözlərini tavana zillədi. Jasmin ona nə olduğunu soruşdu. Cahan Jasminə baxdı, titrək səslə:

- Mən özümə nifrət edirəm, Jasmin. Həyatıma da, varlığıma da nifrət edirəm-deyib, ağlamağa başladı.

Jasmin onu qucaqlayıb sakitləşdirməyə çalışdı. Amma nə desə belə, Cahanı sakitləşdirə bilmirdi. Cahan ağladıqca Jasmin də kövrəlmişdi, lakin ağlamamaq üçün özünü tuturdu. Jasmin Cahanı gözəl başa düşürdü, çünki onun da taleyi eynən qismən də olsa Cahanın həyatına bənzəyirdi. Cahan sakitləşərək köks ötürdü:

- Mən yaşamaq istəmirəm Jasmin.

- Gicləmə, güclü ol. Hər şeydən bu qədər tez usanma, bezmə. Cahan, sən güclü olmalısan. De görüm, səni üzən nədir?

Cahan ayağa durdu, pəncərəyə yaxınlaşıb pəncərədən çölə baxdı. Jasmin cavab gözləyirdi. Cahan pəncərədən çöldə şütüyən avtomobillərə baxıb:

- Jasmin,-dedi:-Sərxanın anası gəlmişdi.

- Necə?

- Hə bacı, Sərxanın anası gəlmişdi, mənə oğlundan ayrılmağımı istədi.

- Səbəb?

Cahan hər şeyi olduğu kimi Jasminə danışdıqdan sonra Jasmin:

- İndi sən nə fikirdəsən?-deyə, soruşdu.

- Bilmirəm Jasmin, bilmirəm. Sadəcə onu bilirəm ki, mənim heç zaman bu həyatda bəxtim gətirməyib-deyərək sözünü bitirən Cahan cavab belə gözləmədən otağına keçdi...

Sərxan isə Günelin evinə gəlib çatmışdı. Qonaq otağında oturub Günelli gözləyirdi. Günel əynində xalat içəri girdi. Sərxanı qucaqlayıb:

- Sevgilim-dedi.

- Günel,-deyə, Sərxan Güneli özündən uzaqlaşdırıb ona baxdı:

- Səninlə ciddi danışmalıyıq.

- Maraqlıdır, çox maraqlıdır-deyə, Günel divana oturub ayağını ayağına aşırtdı:

- Biz nə danışmalıyıq, sevgilim?

- Sən bilirsən ki, mən uzatmağı sevmirəm. Qısa və konkret deyəcəm Günel. Biz ayrılmalıyıq.

Sərxanın dediklərini eşidən Günel, biixtiyar ayağa durub təəccüblə ona baxdı.

- Nə?

- Məncə təkrarlamağa heç bir ehtiyac qalmadı. Dedim axı, biz ayrılmalıyıq.

- Sən bunu haradan çıxartdın? Axı birdən-birə bu nə fikirdir gəlmisən? Necə yəni ayrılmalıyıq, sən nə danışırsan? Sən nə danışdığını heç bilirsən? Qulaq as Sərxan, deyəsən sən mənimlə zarafat edirsən? De ki, bu bir zarafatdır, hə?

- Yox Günel, mən ciddi şəkildə səndən ayrılmaq istəyirəm, biz ayrılmalıyıq. Mən başqasını sevirəm.

Sərxanın son sözlərindən özünü saxlaya bilməyən Günel var gücü ilə ona şillə vurdu...

Sərxan Güneldən bu addımı gözləyirdi. Günel ona baxdı, həm əsəbiləşmişdi, həm də qəhərdən boğulurdu. Rəngi ağarmışdı. Sərxan isə Günelə bir daha onu sevmədiyini, həyatında başqası olduğunu deyib, ondan uzaq olmasını bildirdi. Günel isə əksinə, eşitdiklərinə inanmaq belə istəmirdi. Sərxan onun cavabını gözləməyib ona həyatında uğurlar diləyib getdi. Tək qalmışdı Günel, ağlayaraq yerə çökdü, Sərxana qarğışlar yağdırdı. Ağladıqca əllərini yerə çırpırdı. Ancaq belə asanlıqla təslim olmaq istəmirdi, Sərxanı asanlıqla itirmək istəmirdi, onu əldə saxlamaq üçün hər şeyə qadir idi. Günel hər nə olursa, olsun, Sərxanın sevdiyi qızın kimliyini öyrənmək istəyirdi...

Son vaxtlar hər şey alt-üst idi. Canan dərsə getmir, bütün günü otağında oturub ancaq düşünür, Sərxanın belə telefonlarına cavab vermirdi. Hətta səhhətində yaranan problem də onu narahat edirdi. Səhhəti ilə bağlı həkimə də müraciət etmişdi. Cananın narahatçılığı onun rəfiqələri Ləman və Jasmini də narahat edirdi.

Jasmin Canandan yana olduqca narahat idi. Cananla bağlı Sərxanla danışmaq qərarına gəlmişdi. Bu üzdən də universitetdən sonra Sərxanla görüşüb kafedə oturaraq olanları ona danışmışdı. Bütün həqiqəti bilən Sərxan Cahanla görüşmək istəyirdi.

Cahan isə cavablar üçün həkimə gəlmişdi. Dəhlizdə dayanaraq həkimin onu qəbul etməsini gözləyirdi. Qorxurdu Cahan, çox qorxurdu. Bir az sonra həkimin onu çağırması ilə ürəyi çırpınmağa başladı. Qapını açıb ağır addımlarla içəri girdi. Salamlaşıb stulda oturaraq həkimə baxdı. Əlində qələm kağızları yoxlayan həkim eynəyinin altından Cahana baxdı:

- Sənin təhlillərinin cavabıdır-dedi.

- Nəsə ciddi bir şey var?-deyə, Cahan titrək səslə soruşdu.

Həkim bir daha kağızları gözdən keçirib masanın üstünə qoydu. Eynəyini çıxarıb Cahana baxdı:

- Qızım,-dedi:-elə də ciddi bir problem yoxdur.

- Bəs onda mən niyə bu qədər halsız və qəribəyəm?

- Sən hamiləsən qızım, səni təbrik edirəm.

Cahan həkimə baxdı, eşitdiklərindən heyrətləndi.

- Necə? Necə yəni hamiləyəm? Siz nə danışırsınız həkim? Bu ola bilməz, bu mümkün deyil.

- Qızım, bunu yaşamamışdan öncə, qorunanda düşünərdin. Sən həftəlik hamiləsən.

Cahan artıq heç nə eşitmirdi. Ayağa durdu, kağızları götürüb kabinetdən çıxaraq poliklinikanı tərk etdi. Yolboyu addımladıqca başında həkimin sözlərin fikirləşirdi. Öz-özünə: “Aman Allah, yox, bu ola bilməz. Mən neyləyəcəyəm İlahi? Mənə yol göstər” deyib Jasminə yığdı. Jasminin cavab vermədiyini görüb taksiyə oturaraq evə yollandı.

Yolboyu taksi şütüdükcə hələ də beynində həkimin dediklərini fikirləşirdi. Avtomobilin qapısına başını söykəyib çıxış yolu axtarırdı. Mənzilbaşına çatdıqda ödənişi verib maşından düşdü. Bloka girib yuxarı qalxdı. Qapının ağzında Sərxanı görüb dayandı. Sərxan onunla salamlaşıb onla danışmaq istədiyini bildirdi. Cahan qapını açdı, Sərxanı içəri dəvət edib qapını bağladı. Birlikdə qonaq otağına keçib divanda oturdu. Sərxan Cahanın yanında oturub onun əlindən tutdu.

- Danışmalıyıq.

- Nə barədə?

- Cahan,-deyə Sərxan ona baxdı:

- Olanlardan xəbərim var. Jasmin mənə hər şeyi danışıb. Anamın sənlə görüşdüyünü bilirəm.

- Jasmin niyə öz işlərinə yox, mənim işlərimə baş qoşur? Axı ona bu ixtiyarı kim verib?

- Jasminin heç bir günahı yoxdur. Cahan, düşünürəm ki, sən anama qulaq asmadın, hə?

Cahan susdu, əlini onun əlindən çəkib ayağa durdu. Otaqda gəzişməyə başladı. Əlindəki kağızı öz otağına aparıb siyirtməyə qoyaraq geri qayıtdı. Sərxana baxıb:

- Əslində anan haqlıdır-dedi.

- Başa düşmədim?

- Burada başı düşülməyəsi nə var ki? Qulaq as Sərxan, biz ayrılmalıyıq.

- Nə?-deyə Sərxan ona baxdı.

- Hə, biz ayrılmalıyıq, Sərxan. Bizim bir arada olmağımız qeyri-mümkündür.

- Sən nə danışdığını bilirsən, Cahan? Deyəsən zarafat edirsən?

- Heç də -deyərək Cahan ciddi şəkildə dilləndi:

- Mən fikrimdə ciddiyəm, biz ayrılmalıyıq.

- Yox, sən zarafat edirsən. Sən belə danışa bilməzsən, Cahan. Bəs bizim sevgimiz, aramızda olanlar?

Cahan Sərxana baxdı, əslində doluxsunmuşdu, fəqət bunu büruzə verməmək üçün özünü zorla toparlayıb:

- Aramızda yaşananları unut-dedi:

- Sənlə aramızda olanlar sadəcə bir könül əyləncəsi olub. Artıq sözə belə daha ehtiyac yoxdur. Getsən yaxşı olar.

Sözünü bitirən Cahan Sərxana qapını göstərdi. Özü isə otağına keçib qapını bağladı, çarpayısına uzanıb yastığını qucaqlayaraq ağlamağa başladı.

Sərxanın getməyindən xəbərsiz idi Cahan. Ondan ayrılmasına isə üzülürdü, amma üzülməsinə baxmayaraq buna məcbur idi. Artıq iş işdən keçmişdi.

Günel isə Sərxanın sevgilisinin kimliyini öyrənmişdi və onunla görüşmək fikrində idi. Əlbəttə Sərxandan ayrılmasına baxmayaraq, onu yenidən geri qaytarmaq istəyirdi. Buna görə hər şeyə hazır idi. Məhz Günel münasib bir vaxtda onunla görüşəcəkdir...

Cahanın atası Fazil isə son zamanlar Cahanı fikirləşir və onu tapmaq fikrində idi. Ona qarşı laqeyd olduğuna görə Fazil özünü ürəyində tənbeh edirdi. Atası Fazilin son dönəmlərdə dəyişkənliyi qızı Arzunu da narahat edirdi. İşə getməməyi, gününün çox hissəsini evdə keçirməsi Arzunu çox düşündürürdü. Hətta atası Fazilin həyat yoldaşı Şərqiyyə ilə Cahan haqqında söhbətini eşidəndən sonra daha da narahat olmuşdu. Şərqiyyə müəllimə ilə bu məsələ haqqında ciddi danışmaq istəyirdi...

Cahanın dəyişməsi Jasmin və Ləmanı çox narahat edirdi. Onun özünə qapanması, Sərxandan ayrılması Ləmandan çox Jasmini narahat edirdi. Cahan isə hər kəsdən hər şeyi gizlədirdi, hətta hamiləliyini belə. Fəqət hamiləliyi ilə bağlı bir çıxış yolu da axtarırdı, yaxşı bilirdi ki, bu işin öhdəsindən özü tək gələ bilməyəcək, ona kömək lazım olacaq...

Arzu isə atası Fazilin evdə olmadığından istifadə edib mətbəxdə iş görən Şərqiyyənin yanına gəldi. Masa arxasında oturub iş görən Şərqiyyə ilə üz-üzə oturan Arzu ona baxdı. Şərqiyyə göz altı ona baxaraq:

- Yaman sözlü adama oxşayırsan-dedi.

- Hə, səninlə ciddi danışmaq istəyirəm, -deyə, Arzu ayağa durub, təzə qaynamış çaydandan özünə çay süzərək yerinə oturdu:

- Son zamanlar yaman sənə aid olmayan işlərə qarışırsan. Bu, mənim heç xoşuma gəlmir, biləsən.

- Sən nəyi nəzərdə tutursan?

- Məgər bilmirsən?-deyə, Arzu gülümsədi:

- Atamla aranızda olan söhbəti deyirəm. Sən nə əldə etmək istəyirsən, hə?

Şərqiyyə əlindəki işi yarımçıq qoyub Arzuya baxdı. Dərindən ah çəkib dedi:

- Atana kömək etmək istəyirəm. İstəyirəm atan Cahanla görüşsün. Mən onun necə əzab çəkdiyini də görürəm.

- Sən dəli olmusan? Necə yəni, Cahanla görüşsün? Qulaq as, bu fikri ağlından çıxart, mən heç vaxt icazə vermərəm ki, atam nəslimizi biabır edən bir fahişə ilə üzləşsin.

- Arzu, sənin fahişə adlandırdığın qız, sənin doğma bacındır. Deyəsən, bunu unutmusan...

Ardı növbəti sayımızda