BİR QADIN TALEYİ

BİR QADIN TALEYİ

27 Oktyabr 12:10
Bəyəndim (11) Bəyənmədim (0)

(REAL HADİSƏLƏR ƏSASINDA)

16-cı hissə

Əvvəli keçən sayımızda

...Arzu gələn qonağı içəri dəvət etdi. Qapını bağlayıb qonaq otağına keçdilər. Gələn Cahanın özü üçün düşündüyü, güvəndiyi dostu Ayka idi. Ayka qonaq otağında divanda oturub ayağını ayağının üstünə aşırdı. Arzu isə ona baxıb ondan nə vaxt gəldiyini soruşdu.

- Dünən gəlmişəm-deyərək Ayka siqaret yandırdı:

- Dedim səni də görüm, sonra gedim.

- Mənim səni görməyə gözüm atmır, əzizim. Bilirsən ki, sən mənə heç də maraqlı deyilsən.

- Doğrudan?-deyə Ayka gülümsədi:

- Qulaq as, amma mənə bacın Cahan haqqında məlumat toplamağı xahiş edəndə belə demirdin. Nə oldu, gözəlim?

- Ayka, sən və mən sadəcə bəzi işlərdə müttəfiq ola bilərik. Sən sadəcə bacımla dost ola bilərsən, mənimlə yox. O ki, qaldı məlumat almağıma, sən zatən bu işlərdə mahir və peşəkar bir dəllalsan. Gördüyün mənimlə bacımın arasında dünya qədər fərq var.

- Hə, görürəm, amma sən də yaxşı bilirsən ki, mənim də çıxarım olmayan işə əlim getmir. Arzu, sən mənim bir üzümü görmüsən, digər üzümü isə, Allahdan başqa heç kəs görməyib. Yaxşı bilirsən ki, mənim üçün ailə, filan boşdur.

- Gəl uzatmayaq, sən mənə əgər kömək etmək istəyirsənsə, Cahanı uzaq tut. Bax onda sənə halal olsun deyərəm.

- Mən hər şey etməyə hazıram, amma bilirsən ki...

- Bilirəm-deyə, Arzu Aykanın nə demək istədiyini anlayıb onun sözünü kəsdi:

- Sən işini gör, hədiyyən məndə olacaq, əzizim.

- Məndən istəyin nədir?

- Cahanın həyatını cəhənnəm etmək. O, cəhənnəm həyatı yaşamalıdır.

Ayka susaraq Arzuya baxdı. Siqaretini söndürüb bic-bic gülümsədi.

Ayka Bakıya gəlmişdi. Cahanın bacısı ilə təsadüfən tanış olmuşdu, Cahanla bağlı bütün olanları da ona çatdırırdı. Əlbəttə Cahan ilə tanışlıqdan sonra daha sıx Arzu ilə görüşür, ona Cahanın ünvanını və telefon nömrəsini də o,vermişdi. Düşünürdü ki, bu hərəkətləri ilə Arzunun etibarını qazanacaq və ona bir çox şeylərdə köməklik göstərəcəkdi.

Ayka Cahanın evinə gəldiyi zaman günorta idi. Cahanın otağında oturub onunla ordan, burdan söhbətdən sonra:

- Hə, de görüm, məni neyləyirsən?-deyə, soruşdu.

- Səninlə ciddi danışmalıyam. Düşünürəm ki, sən mənə kömək edərsən.

- Şəkərim, sən axı nə olduğunu deməmisən. Mən sənə necə kömək edim?

Cahan Aykaya baxdı. Onun əllərindən tutub:

- Dostum, mən çıxılmaz vəziyyətdəyəm,-dedi:

- İnan ki, nə edəcəyimi bilmirəm.

- Axı nə olub? Olmaya, sevgilindən ayrılmısan, hə?

- Məsələ bu deyil, Ayka.

Ayka üzünə ciddi görkəm verib Cahana baxdı:

- Bəs nədir məsələ?

- Məsələ çox ciddidir-deyə, Cahan udqundu:

- Bu məsələdə mənə səndən başqa kimsə kömək edə bilməz.

- Əzizim, mən məsələni bilmədən sənə necə kömək edə bilərəm axı? Sən bir məsələni aç danış, görüm axı nə olub?

Cahan elə danışmaq istəyirdi ki, qapı yenidən döyüldü. Qapıya yaxınlaşdı, gözlükdən baxmadan qapını açıb gələnə baxdı. Gələn Günel idi, Sərxanın sevgilisi. Günel Cahanı süzüb salam belə vermədən içəri girdiyi zaman Cahan:

- Sizə nə lazımdır?-deyə, soruşdu.

- Sən-deyə, Günel ona və onun yanındakı Aykaya baxdı.

Ayka uzun saçına sığal çəkib Günelə və Cahana baxdı. Günel isə üzünü Cahana tutub:

- Səninlə danışmağa gəlmişəm-dedi, amma təklikdə.

Cahan Aykaya baxdı, Ayka onun baxışlarından nə demək istədiyini anlayıb ayağa duraraq sakitçiliyini pozmadan Cahanla sağollaşaraq getdi. Cahan Aykanı yola salıb geri qayıdaraq Günelə baxdı. Səbrini pozmadan belə Günel Cahanı bir daha süzüb:

- Mənim adım Güneldir-deyərək özünü təqdim etdi:

- Bura səninlə Sərxan haqqında danışmağa gəlmişəm. Düşünürəm ki, sən məni başa düşəcəksən. Cahan, mən Sərxanın sevgilisiyəm.

- Bundan mənə nə?

Cahanın bu sualından Günel əsəbiləşdi:

- Necə yəni sənə nə? Axı sən kimsən ki, Sərxan sənə görə məni atsın, hə?!

Cahan güldü. Günelə isə onun bu hərəkəti əsəb verdi.

- Nəyə gülürsən? Mən gülməli nəsə dedim ki, gülürsən?-deyə, soruşdu.

- Əslində sənə yazığım gəlir. Mənim sənin sevgilinlə heç bir işim yoxdur. Bilirsən, mənə Sərxan və sən maraqlı deyilsiniz.

- Maraqlı deyilik? Sən kimi aldatmağa çalışırsan, Cahan? Sənin qarşındakı uşaq deyil, əzizim. Mən hər şeyi bilirəm, bilirəm ki, sən....

- Qulaq as, quzu-deyə, Cahan Günelin sözünü ağzında yarımçıq qoydu:

- Mənə sənin Sərxanın heç də maraqlı deyil. O, mənim üçün yad biridir. Bura gəlib mənə burda nağıl danışma. Sənə görə mən heç əhvalımı belə pozmaq istəmirəm və sənə də məsləhətim budur ki, məni belə boş söhbətlərlə yormayasan. Sən doğru ünvana gəlməmisən. Məncə getsən yaxşı olar. Yenə deyirəm, mənə sənin sevgilin maraqlı deyil.

- Pah, sən dedin, mən də inandım. Sənin kimi qızları yaxşı tanıyıram, mənə özünü tanıtmağa çalışma. Sən bir fahişəsən, onun-bunun sevgilisinə göz dikən fahişə. Səni qınamıram, yəqin ailədən belə görmüsən, əlbət anan da sənin kimi fahişə olub, zamanında.

Günelin son sözlərinə dözməyən Cahan var gücü ilə ona sillə çəkdi. Onun saçından tutub qapıya doğru gətirdi:

- Danışığını bil qancıq! Kimsə mənim anamı təhqir edə bilməz-deyə Cahan qapını açıb Güneli bayıra atdı.

Əsəbi idi Cahan, nə edəcəyini bilmirdi. Son dönəmlərdə yaşananlar onu bezdirmişdi.

Beləcə günlər, həftələr keçirdi, universitet həyatı da davam edirdi Cahanın. Hər zaman olduğu kimi Cahan dərslərdə nümunəvi bir tələbə adını qazanmışdı. Başına gələnlərdən sonra Cahan qarşısına məqsəd qoymuşdu. Oxuyub işgüzar xanım olmalı, onun başına gələn insanlardan qisas almalı idi. Artıq hamiləliyi haqqında dostu Aykaya danışmış və ondan kömək istəmişdi. Əlbəttə, Aykada ona kömək etmək fikrində idi. Bu məqsədlə də onun bu məsələsini həll etmək üçün yeganə çıxış yolunu uşağı saldırmaqda tapmışdı. Cahana bu təklifi söyləmək, onu buna razı salmaq üçün Ayka onunla danışmaq qərarına gəlmişdi. Hətta Cahan öz hamiləliyi haqqında Aykaya danışdığı zaman, Ayka yaxın həkim dostu Gülnarə həkim ilə razılığa gəlmişdi.

Axşam tərəfi Cahanın yanına gələn Ayka onun evdə olmadığını görüb ona zəng edərək görüş təyin etdi. Cahanı görüş yerində gözləyən Ayka oturacaqda oturub siqaret çəkərək Cahanın ona yaxınlaşdığını görüb ayağa durdu.

Cahan Aykanın yanına yaxınlaşdı, onunla salamlaşıb oturacaqda oturaraq ona baxdı. Ayka ona baxıb xəfifcə gülümsəyərək siqaret yandırıb mətləbə keçdi:

- Hə, Cahan, demək olar ki, məsələni həll etmişəm.

- Yəni?

- Səni bu qarnındakı mələkdən qurtarmağın yolun tapmışam, quzum. Deməli belə, həkimlə də danışmışam, səni gözləyir.

- Həkim?-deyə, Cahan təəccübləndi.

Ayka Cahana hər şeyi ətraflı başa salmağa başladı. Onunla söhbətində uşağı götürdəcəyini və bununla da Cahana yaxşı olacağını bildirdi. İlk öncə buna etiraz edən Cahan, sonunda Aykanın sözləri ilə razılaşıb onunla həkimə getmək üçün gün təyin edib ayrıldılar.

Yolboyu Cahan Aykanın dedikləri haqqında düşünürdü. Əslində bunun günah olduğunu bilən Cahan bu addımı atmaq istəməsə də fəqət, məcbur idi.

Cahan evə gəlib çatmışdı. Bloka girib yuxarı qalxmaq istəyirdi ki, arxadan eşitdiyi səsdən ayaq saxladı. Bacısı Arzunu qarşısında görüb onu qucaqlamaq istədi, fəqət Arzu geri çəkilib dayandı. Onu süzüb:

- Həyat burulğanında işlərin necədir?-deyə, öz tikanlı atmacaları ilə sancdı.

- Başa düşmədim? Arzu, sən mənim ünvanımı haradan tapmısan?

- Axtaran tapar. Amma elə bilmə ki, səndən ötrü darıxdığıma görə gəlmişəm. Yox, Cahan, bura səninlə danışmaq üçün gəlmişəm-deyə, Arzu əli ilə saçını sığal çəkdi:

- Bilirsən qızım, sən bizdən gedən gündən biz çox xoşbəxtik, əzizim. Atam da mən də sənsiz çox yaxşıyıq.

- Mənə bunları deməyə gəlmisən?

- Yox, sənə sadəcə bəzi şeyləri danışmağa gəlmişəm. Düşünürəm ki, sən evə qayıtmazsan, açıq desəm, qayıtmağı belə düşünmə. Çünki səni hamı unudub, sənin yoxluğuna hamı şaddır.

Arzunun sözlərindən Cahan tutulsa da, özünü o yerə qoymadı. Səbir və təmkinini pozmadan:

- Sözünü bitirdin?-deyə, soruşdu.

- Demək olar ki, hə.

- İndi isə sən mənə qulaq as, Arzu. Mənim o evə qayıtmağa belə fikrim yoxdur. Bilirsən niyə? Çünki səndən də atamdan da heç zaman doğmalıq görmədim. Siz yalnız məni məcburiyyətdən saxlamışdınız.

- Əlbəttə, axı bir pozğun bizim nəslimizdə necə ola bilər?

- Nə?-deyə, Cahan ona baxdı.

- Hə, axı sənin kimi bir pozğunun nəslimizdə necə yeri ola bilər? Sən kim, biz kim. Sən bir pozğunsan, Cahan, öz namusunu itirmiş bir pozğunsan-deyə, sözünü bitirər- bitirməz Cahan var gücü ilə Arzuya sillə çəkdi.

Hələ bu azmış kimi onun boğazından yapışıb blokun divarına söykəyərək:

- Qulaq as Arzu, -dedi:

- Mən icazə vermərəm ki, sən və yaxud kimsə məni təhqir etsin. Sənin qarşındakı əvvəlki sakit Cahan deyil. Elə eləmə ki, sənin həyatını cəhənnəm edim.

Cahanın gözü dönmüşdü, onun boğazını var gücü ilə sıxırdı. Arzu çabalayırdı, onun əlindən çıxmağa çalışırdı. Bir müddət sonra özündə güc tapan Arzu:

- Yetər!-deyərək Cahanı kənara itələdi.

Blokdakı səs-küyə aşağı düşən Jasmin Cahanı və Arzunu gördü. Cahandan gələnin bacısı olduğunu öyrənib heç bir söz demədi. Arzu isə Cahana baxıb:

- Başyeyən fahişə. Allah sənin bəlanı versin, Cahan. Gün o gün olsun, sən öləsən, sənin ölüm xəbərini eşidib mən qurban kəsim-deyərək qarğış edib getdi.

Jasmin Cahana baxdı. Cahan isə heç bir söz deməyib yuxarı doğru evə qalxdı. Evə gəlib otağına keçərək çarpayısına uzandı. Səhəri gözləyirdi, çünki səhər açılan kimi Ayka ilə uşağı saldırmaq üçün həkimə gedəcəkdir. Bu arada Jasmin içəri girib stulda oturaraq ona baxdı, ancaq danışmadı. Cahan soruşdu:

- Sözlü adama oxşayırsan. Nəsə olub, Jasmin?

- Açığı, olub. Son zamanlarda sən də, Ləman da çox dəyişmisiniz. Əsas da sən dəyişmisən, Cahan. O “mavi” dostun həyatında peyda olandan yaman qəribə olmusan.

- Olmaya Aykaya məni qısqanırsan, hə?..

Ardı növbəti sayımızda