BİR QADIN TALEYİ
(REAL HADİSƏLƏR ƏSASINDA)
17-ci hissə
Əvvəli keçən sayımızda
...- Sözlü adama oxşayırsan. Nəsə olub, Jasmin?
- Açığı, olub. Son zamanlarda sən də, Ləman da çox dəyişmisiniz. Əsas da sən dəyişmisən, Cahan. O “mavi” dostun həyatında peyda olandan yaman qəribə olmusan.
- Olmaya Aykaya məni qısqanırsan, hə?
- Onun nəyinə səni qısqanım. Məni narahat edən sənsən, Cahan.
- Əslində narahat olmağa dəyməz, Jasmin. Mən yaxşıyam, daha da yaxşı olacağam.
Jasmin susdu, uzatmağı mənasız bilib otaqdan çıxaraq Cahanı tək qoydu.
Səhər açılmışdı, Cahan evdən çıxmağa hazırlaşırdı ki, qapı döyüldü. Qapıya yaxınlaşıb qapını açdığı zaman Aykanı görüb salamlaşaraq qapını örtdü.
- Hazırsan?-deyə, Ayka soruşdu.
- Hazır olmağına hazıram, amma bir problem var.
- Nəsə olub, quzum? Demə ki, fikrindən daşınmısan.
- Yox, əzizim. Bilirsən, bəs mənim həkimə verəcəyim pulum yoxdur axı.
Ayka güldü. Pul barəsində narahat olmadığını bildirib ona kömək edəcəyini bildirdi. Cahan buna sevinmişdi. Əslində isə Ayka ona pul verib Cahanı borclandırmaq istəyirdi. Buna səbəb isə Cahanın gözəlliyindən istifadə edib onu satmaq idi. Məhz bu səbəbdən də Ayka Cahana canfəşanlıq göstərirdi, əslində isə bu qadın ruhlu oğlan göründüyü kimi elə də səmimi və mehriban deyildi.
Cahan pul barəsində rahatlıq tapıb Ayka ilə evdən çıxaraq onun maşınına oturub xəstəxanaya yola düşdükləri zaman, Cahanın xalası Məlahət onları görüb: “Aman Allah, bu Ayka bizim qonşuluqdakı Ayka deyil? Bu nə vaxt Türkiyədən qayıdıb? Bunu Cahanla birləşdirən nədir?” deyə, özlüyündə düşündü.
Ayka Cahanı xəstəxanaya gətirmişdi. Tanış həkimi Gülnarə həkimin yanına qalxıb qapını döyərək içəri girdilər. Cahanı gətirdiyini söyləyib onu səsləyərək içəri salıb qapını bağladı. Gülnarə həkim Cahanı müayinədən keçirib palataya apardı, sonra öz kabinetinə qayıdıb içəri girərək stulda oturub Aykaya baxdı. Ayka Gülnarə həkimə nə olduğunu soruşduqda Gülnarə həkim:
- Ayka,-dedi,-biz səninlə illərin dostuyuq. Əzizim, bilirsən ki, bu iş cinayətdir? Onun bətnindəki döl formalaşmağa başlayıb.
- Və?
- Biz dölü məhv etməliyik, amma...
- Qulaq as Gülüçka, sən işini gör, pulunu al. Gerisini mənə burax. Bilirsən, əzizim, mənim xeyrim olmayan işə qol qoymuram. Məhz ona görə də mənə lazımdır ki, onun bətnində olan artıq ət rədd olsun. Mənə onun özü lazımdır.
- Sən təhlükəli adamsan.
- Yaxşı da-deyə Ayka güldü,-Təhlükəli niyə oluram, sadəcə bu həyat mənə çox şey öyrədib. İşinə nə zaman başlayacaqsan?
- Ancaq axşama. Axşama kimi burda qalsa yaxşı olar.
Ayka heç bir söz deməyib razılaşdı. Cahanı xəstəxanada qoyub özü işlərinin arxasınca yollandı...
Jasmin isə bu arada evləri yer-yığış edib Cahanın siyirtməsini təmizləyirdi ki, gözünə sataşan xəstəxana kağızlarını görüb onu götürdü. Kağızları gözdən keçirib oxuyaraq öz-özünə: “Aman Allah, ola bilməz. Cahan hamilədir?” deyərək stula çökdü...
Ayka isə salona gəlib qızlarla salamlaşaraq içəri keçdiyi zaman Cahanın xalası Məlahətlə üzləşdi. Məlahət isə səbir və təmkinini pozmadan sakitcə stulda oturub Aykanın təəccüb dolu baxışlarını görüb:
- Niyə təəccüblənirsən Ayka?-deyə, soruşdu.
- Kim, mən?-deyərək Ayka da səbir və təmkinini pozmadı:
- Axı səni görüb niyə təəccüblənim? Sən yaxşı bilirsən ki, mən heç nəyə təəccüblənmirəm. Niyə gəlmisən?
- Danışmalıyıq. Səninlə ciddi danışmaq istəyirəm-deyə, Məlahət bildirdi.
Ayka heç bir söz demədi. Əslində Məlahətin niyə gəldiyini təxmini bilirdi, lakin şübhə də edirdi. Çünki Cahan haqqında o, heç bir şey bilmirdi. Ancaq yenə də Məlahətlə danışmaq, onun fikirlərini bilmək önəmli idi. Odur ki, onunla iş otağına keçib qapını örtərək stulda oturdu. Ayağını ayağının üstünə aşırıb siqaret yandıraraq Məlahətə baxdı:
- Hə, buyur əzizim, səni eşidirəm. Görürəm yaman sözlü adama oxşayırsan.
- Əslində hər ikimiz yaxşı bilirik ki, biz bir-birimizi sevmirik. Səni hələ uşaqlıqdan sevmirdin.
- Bura məni müzakirə etməyə gəlməmisən, çox güman ki. Mənə sənin məni bəyənib, bəyənməməyin maraqlı deyil. Sən mətləbə keç.
- Qulaq as Aydın, səni bu gün bacım qızı Cahanla görmüşəm. Nədir, olmaya onu öz tələnə salmaq istəyirsən, hə?
- Sən necə də sadəlövhsən, Məlahət. Axı mən onu tələyə niyə salım, hə? Çox şükür, mənim buna ehtiyacım yoxdur.
- Yaxşı da, gəl bir-birimizi aldatmayaq, sənin necə bir adam olduğunu bilirəm. Sən heç nəyi əvəzsiz etmirsən. Bilirsən, sənin necə bir adam olduğunu bilirəm.
Ayka güldü. Siqaretini söndürüb işçilərdən birinin onlara gətirdiyi çaydan içib Məlahətə baxdı:
- Deyirəm, kor-kora kor deməsə, ürəyi partlayar. Əslində səni qınamıram mənim əzizim, axı, sən də elə qara işlərlə məşğulsan. Zavallı qadın, sən sadəcə acizsən. Bilirsən, mən yaxşı bilirəm ki, sən də qız satıb cah-cəlal yaradanlardansan. Neçə- neçə qızı satıb pul qazanan məgər sən olmamısan? Barı məni günahlandıranda özünü də nəzərə al, əzizim. Niyə özünün məşhur qəhbəbaşı olduğunu danırsan, hə?
- Səncə çox olmadı?-deyə, Məlahət əsəbi şəkildə dilləndi.
- Nədir, sənə təsir etdi ki? Ay, ay, ay Məlahət, sən ərin Osmana arxalanıb bu addımı atırsan, əgər Osman olmasaydı...
- Yetər-deyə, Məlahət onun sözünü yarımçıq qoydu:
- Sən də məndən geri qalmırsan, zavallı oğlancığaz. Ananın ölümündən sonra səni it kimi evdən qovdular. Axı sən kimsən, hə? Qız alverçisi olmusan da sən, elə o qızların hesabına özünə gün qazanmısan. İndi durub mənə burda mənim kim olduğumu deyirsən? Qulaq as, gözünü aç və mənə diqqətlə bax, mavicik. Qarşındakı Məlahətdir, ağlın ona-buna getməsin.
Ayka ayağa durdu, Məlahətə yaxınlaşıb onu süzdü. Saçından yapışıb:
- Qulaq as Məlahət, ərin Osman yox, kim olur, olsun, kiməsə güvənmə, əzizim. Sənə elə toy tutaram ki, həyatın bütün naxışların yadına salarsan. O ki, qaldı Cahana, əgər yaxşı xala olsaydın, bu illər ərzində onunla maraqlanardın -deyərək, saçını dartmağa başladı.
Məlahət Aykaya güc gəlib onun əlindən çıxdı. Boğazından yapışıb divara söykəyərək:
- Qulaq as mavicik, odla oynama. İnan səni odunda yandıraram-dedi.
- Kiminlə hə? Sənə növbədəyəm deyib mənim yanımda gecələyən ərin Osmana məndən şikayət edəcəksən?-deyərək xırıltılı səslə Məlahəti sancdı.
Məlahət eşitdiyindən dəhşətə gəldi. Əlləri boşaldı, istər-istəməz divana çökdü. Ayka isə Məlahətə baxıb gülərək siqaret yandırdı. Məlahət Aykadan eşitdiklərindən dəhşətə gəlmişdi. Ayka ona əri Osman ilə münasibətinin olduğunu, onunla görüşdüyünü və daha da artığını danışmışdı. Daha Məlahət heç nə eşitmək istəmirdi. Əri Osman haqqında eşitdikləri ona bəs idi. Çarəsiz ayağa durub getmək istədikdə Ayka:
- Cahana gəlincə isə deyim ki, sən onu öz qara işlərində istifadə etmək istəyirsən -dedi:-Çünki sən öz imkanların üçün hər şeyə qadirsən.
Məlahət ona cavab verməyib ağır addımlarla otaqdan çıxdı. Aykanın dedikləri Məlahəti sarsıtmışdı...
Jasmin isə həqiqəti biləndən sonra dəfələrlə Cahana zəng etsə də Cahan ilə əlaqə yarada bilməmişdi. Onun hamilə olmağı və bu xəbəri gizlətməsi bir az ona pis təsir etsə də, yenə də inciməmişdi. Amma Jasmin Cahanın səhv addım atacağından qorxurdu. Bu üzdən də Cahanla əlaqə yaratmaq istəyirdi, ancaq istəyi boşa çıxmışdı. Bu məsələ ilə bağlı Sərxana da zəng etsə, onunla da əlaqə yarada bilməyib çarəsiz qalmışdı.
Axşam düşmüşdü. Ayka xəstəxanaya gəlib Gülnarə həkimin yanına qalxdı. Kabinetə girib onunla görüşərək məsələnin həll olunduğunu öyrənib onun hörmətini etdi. Qara sellofanda dölü istədi. Gülnarə isə bunun təhlükəli olduğunu bildirsə də Ayka ona əlavə ödəniş edib döldən qurtulmağı ona məsləhət bildi. Özü isə kabinetdən çıxıb Cahanın yanına qalxdı. Cahan palatada onu gözləyirdi. Aykanı görüb:
-Mən peşmanam-dedi.
- Nə? Sən dəli olmusan, əzizim? Nəyə peşmansan?
- Gərək bunu etməməliydim, Ayka.
- Sən Allah bəsdur də, boş-boş çərənlədin. Saxlayıb neyləyəcəkdin, hə? Hansısa bir artıq ətə görə nəyə peşman olursan? Hələ sənin həyatın qabaqdadır.
Cahan susdu. Ayka isə onu götürüb evinə apardı. Maşında yolboyu Cahan xəyala dalmışdı, Ayka isə öz aləmində idi. Cahan etdiyi əməldən peşman olsa da, artıq hər şeyin gec olduğunu bilirdi.
Ayka Cahanı evinə gətirib qonaq otağında ona yer edəndən sonra mətbəxdə kofe düzəldərək geri qayıtdı. Kofe fincanını ona uzadıb özü kresloda oturdu. Ayağını ayağının üstünə aşırdı:
- Peşman olmağa ehtiyac yoxdur, gülüm. Sən lap düz eləmisən. Bayaq da dediyim kimi, Cahan, sən hələ cavansan, sənin həyatın qabaqdadır. Bəlkə özünü toparlayasan.
- Demək asandır, amma ...
- Cahan, gülüm, sən artıq bunu etmisən, etdiyin işə görə də peşman olmağa dəyməz. İndi özünü düşün.
- Eh, Ayka, demək asandır. Mən sənin borcundan necə çıxacağam, heç bilmirəm.
- Bu haqda fikir eləmə, Cahan. Borcumu qaytarmağa tələsmə, zatən sən öz gözəlliyin ilə borcumu qaytara bilərsən.
Heç nə anlamayan Cahan:
- Gözəlliyimlə?-deyə, təəccüb dolu baxışlarla ona baxdı.
- Hə, niyə təəccüblənirsən-deyərək Ayka ayağa durub ona yaxınlaşdı:
- Sən öz gözəlliyinlə çox şeylər edə bilərsən, gözəlim. Bir özün düşün, nə vaxta kimi dilənçi kimi yaşayacaqsan? Bəlkə kasıbçılıqdan çıxasan, hə? Bircə unutma ki, kasıbın Allahı olmur. Sən bu kasıbçılıqdan çıxmalısan.
- Axı necə?
- Mən sənə kömək edərəm, sadəcə sən ürəkli olmalısan-deyərək Ayka siqaret yandırıb bic-bic ona baxdı.
Gecəni Aykanın evində keçirmək üçün Cahan divanda uzanıb yuxuya getmişdi. Ayka isə fürsətdən istifadə edib evdən çıxaraq yaxın tanışı olan Mehdixanın yanına yollanmaq üçün maşınına oturmaq istəyirdi ki, Jasminlə üz-üzə gəldi. Jasmin Aykaya baxdı, onunla salamlaşaraq Cahanı xəbər aldı. Ayka ona Cahanın onun evində olduğunu deyib maşınına oturaraq yola düşdü. Jasmin isə onun arxasınca baxıb bloka girərək yuxarı qalxdı. Qapını döyüb bir qədər gözlədi. Yuxulu halda qapını açan Cahan Jasmini görüb içəri salaraq qapını örtdü. Həkimdən gəldiyi üçün ağrıyırdı, ancaq bunu büruzə verməməyə çalışırdı. Jasmin gözucu Aykanın evinə baxıb kresloda oturdu. Bu arada Cahan isə çay süzüb geri qayıtmışdı. Otağa sükut çöksə də bu sükut uzun çəkmədi.
- Cahan, sən hamilə olduğunu niyə gizlətmisən?-deyə, Jasmin soruşdu.
- Desəydim, nə dəyişəcəkdir ki?
- Cahan...
- Qulaq as Jasmin, artıq mən hamilə deyiləm. Rahat ol, mən uşağı saldırmışam.
- Nə?
- Hə, axı saxlayıb neyləyəcəkdim?
- Cahan, sən neyləmisən? Bunun günah olduğunu bilirsən?
- Sən Allah, bəsdir, mən günah-zad fırlamıram. Zatən günahın içindəyəm, bundan başqa nə ola bilər. Məncə, mən elə doğru addım atmışam. Mən həyatımı qurmalıyam, daha bəsdir, Jasmin...
Ardı növbəti sayımızda