Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yeni geoiqtisadi məkanın əsası qoyulub

Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yeni geoiqtisadi məkanın əsası qoyulub

Bəyəndim (2) Bəyənmədim (0)

Azərbaycanın türk dövlətləri əməkdaşlığını ildən-ilə möhkəmləndirməsi ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da artmasına gətirib çıxarıb. Bunu ötən həftənin ortalarında Prezident İlham Əliyevin Türkmənistana səfəri də bir daha təsdiq edib. Belə ki, səfər çərçivəsində İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşü və qanqardaşı dövlət arasında imzalanan sazişlər obyektiv və subyektiv səbəblər üzündən türk birliyindən kənarda qalan qardaş ölkənin iqtisadi, mədəni və elmi həyatında yeni bir canlanmaya gətirib çıxarıb. Bu isə nəinki Türkəmənistanla Azərbaycan, həm də digər türk dövlətləri ilə münasibətlərə müsbət təsir göstərməkdədir. Təsadüfi deyil ki, İlham Əliyevlə eyni zamanda Türkmənistana səfər edən Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən üçtərəfli görüşlər və imzalanan sənədlər faktiki olaraq bölgədə yeni bir əməkdaşlığın əsasını qoymuş olub. Bu razılaşmalar və tərəflər arasında imzalanan sənədlər regionda strateji baxımdan olduqca önəmli hesab edilən geoiqtisadı məkanın yaradıldığını göstərir. Bu isə o deməkdir ki, bölgənin türk dövlətləri arasında həm ikitərəfli, həm də üçtərəfli formatda Türk dünyası ölkələrinin enerji, nəqliyyat, logistika, şəhərsalma və mədəni sahələlində yeni geoiqtisadi məkanın yaradılması yönündüə uğurli addımlardan biri atılıb.

Belə ki, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında imzalanan sənədlərə əsasən ortaq geoiqtisadi məkan çərçivəsində nəqliyyat və logistika sahəsində birgə infrastrukturun qurulması, marşrutların inteqrasiyası və liman imkanlarının qarşılıqlı istifadəsi prioritet sahələr kimi müəyyən olunub. Bu çərçivədə də Xəzəri hir iki tayını birləşdirən regionun əsas nəqliyyat arteriyaları olan Türkmənbaşı və Bakı limanları Orta Dəhlizin effektivliyinin artırılmasında strateji nəqliyyat qovşaqlarına çevriləcəklər.

Məsələnin bu tərəfinə diqqəti cəlb edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərovanın sözlərinə görə, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında imzalanan “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmiryolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu” Orta Dəhlizin və TransXəzər yükdaşımalarının texniki və institusional koordinasiyasını təmin edən mühüm çərçivədir.

Öz növbəsində türk dövlətləri arasında hərtərəfli inteqrasiyanın memarlarından olan Prezident İlham Əliyev məsələ ilə bağlı bildirib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur.

Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında keçirilən yüksəksəviyyəli görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: "Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələlərini biz bu gün hörmətli qardaşım Qurbanqulu Məlikquliyeviçlə geniş müzakirə etdik. Bu məsələləri Şavkat Miromonoviçlə də son görüşümüzdə müzakirə etmişik. Yəni, üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq".

Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov isə görüşün nəticələrinə həsr edilən üçtərəfli bəyanatında deyib ki, əməkdaşlığın əsas istiqaməti nəqliyyat sektorudur: "Biz “Böyük İpək Yolu”nun bərpası üçün Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində əlaqələri genişləndirmək barədə razılığa gəldik. Xüsusən, Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanlarını nəzərdən keçirdik. Çoxtərəfli dialoq çərçivəsində humanitar əlaqələri gücləndirmək barədə razılığa gəldik. Xüsusən, təhsil, elm, idman, səhiyyə, incəsənət, xalçaçılıq və digər sahələrdə yüksək potensial mövcuddur. Bu sahələrdə yaxşı əməkdaşlıq təcrübəmiz var. Ümumiyyətlə, bu görüş üçtərəfli əlaqələri gücləndirmək üçün bizə yeni imkanlar açır və bu kontekstdə qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün çox çalışmalıyıq".

Bütün bunlar isə göstərir ki, üç qardaş ılkə arasında hərtərəfli inteqrasiya yeni mərhələyə qədəm qoymaqdadır. Bunu Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin qəbul etdikləri “Birgə Bəyanat” da bir daha təsdiq etdi. Bəyanatda tərəflər çoxtərəfli əməkdaşlığın əsas proritet istiqamətinə aydınlıq gətiriblər. Tərəflər nəqliyyat-tranzit, energetika, mədəni-humanitar sahələrdə əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələlərin vacibliyini bir daha bəyan edərək Avropa ilə Asiyanı birləşdirən “Böyük İpək Yolu”nun yenidən canlandırılması strateji məqsəd kimi qarşıya qoyublar. Bütün bunlar isə Mərkəzi Asiya və Xəzər hövzəsi ölkələri ilə sıx inteqrasiyaya gətirib çıxararaq onları mhüm beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə yeni bir təkan verəcək.

Beləliklə Qarabağın azad edilməsindən sonra ötən qısa müddət ərzində Türk dövlətləri arasında yeni bir əməkdaşlıq erası başlayıb. Bu isə o deməkdir ki, Qarabağ bütün türk dünyasının azadlıq, birlik, qardaşlıq rəmzinə çevrilib.

Əziz MUSTAFA