“Kimə müraciət edim, bilmirəm" - Ermənilərə casusluq edən şəxs danışdı

“Kimə müraciət edim, bilmirəm" - Ermənilərə casusluq edən şəxs danışdı

12 Yanvar 2023 16:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı əsasında Azərbaycanda etnik zəmində nifaq salmağa cəhddə ittiham olunan Hacı Paşayevin işi üzrə məhkəmə prosesi keçirilib.

Oxuməni.az xəbər verir ki, bu gün Bakı Ağır Cnayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Hacı Paşayev 2016-cı ilin oktyabrında Kaimov Azər Şöhrətoviçin vasitəsi ilə Ermənistan xüsusi xidmət orqanları ilə gizli əməkdaşlığa cəlb olunub. Ona etnik zəmində nifrət yaradılması istiqamətində tapşırıqlar verilib.

Hacı Paşayev “Facebook” hesabındakı paylaşımları vasitəsilə bu tapşırıqları icra edib.

İstintaq sənədlırinə görə, həmin paylaşımlar etnik zəmində nifaq salmağa hesablanıb. O, dövlətə xəyanət, dövlət əleyhinə açıq çağırışlar, milli, dini, irqi zəmində ədavətin qızışdırılması kimi əməllər törətməyə cəhd göstərib.

Prokurorun çıxışından sonra söz alan Hacı Paşayev özünü təqsirli bilməyib: “Elə şeylər yazıblar ki, mənə aid deyil. Özümü təqsirli bilmirəm”.

Hacı Paşayev bir ildir həbsdə olduğunu deyib. Qeyd edib ki, bu müddətdə cəmi bir dəfə ailə üzvlərilə əlaqə saxlaya bilib. Onun sözlərinə görə, ailəsi də Dağıstanda yaşayır, azyaşlı övladı var: “Kimə müraciət edəcəyimi də bilmirəm".

Hakim isə deyib ki, ailəsi ilə əlaqə saxlaması üçün saxlandığı təcridxananın rəhbərliyinə müraciət etmək lazımdır.

Qeyd edək ki, Hacı Paşayev həbs olunandan təxminən bir ildir Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılırdı. Məhkəmə onun Penitensiar Xidmətin tabeliyində olan və Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına köçürülməsinə qərar verib.

Bu cinayət işi üzrə növbəti məhkəmə iclası fevralın 2-də davam edəcək.

Hacı Paşayevin barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283-cü maddəsi ilə (milli, irqi və dini ədavətin qızışdırılması) maddələri ilə ittiham elan olunub.