Bakıda iki yaşlı uşağı oğurlayan qadına hökm oxundu

Bakıda iki yaşlı uşağı oğurlayan qadına hökm oxundu

13 Yanvar 2023 16:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan 1969-cu il təvəllüdlü Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Oxuməni.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə Gültəkin Muradova son söz deyib. O, əməlindən peşman olduğunu bildirib.

Daha sonra hakimlər müşavirəyə gedib. Müşavirədən qayıdan hakimlər hökm elan edib.

Hökmə əsasən, Gültəkin Muradova 3 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd edək ki, bundan əvvəl çıxış edən prokuror Gültəkin Muradovanın 10 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

İttihama görə, Gültəkin Muradova Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki evlərdən birində qeyri-rəsmi nikahda yaşadığı şəxslə birlikdə kirayə qalıb. O, övlad sahibi olmadığına görə kiminsə uşağını götürərək saxlamaq qərarına gəlib. Bu məqsədlə ətrafda olan yaşayış massivlərini gəzib.

Qeyd olunub ki, Gültəkin Muradova oğurlamaq üçün uşaq axtardığı vaxt özünü aztəminatlı ailələrə yardım edən şəxs kimi göstərib.

O, 2 yaşlı Məhəmməd Şıxəliyevin yaşadığı evdə də özünü yardımsevər şəxs kimi təqdim edib, ailəyə yardım gətirəcəyini deyib.

2021-ci ilin dekabrın 29-da yenidən həmin evə gedib və uşağın anasının, eləcə də onun qeyri-rəsmi nikahda yaşadığı şəxsin evdə olmadığını görüb. Həmin vaxt 2 yaşlı uşaq bacısı Firuzənin yanında olub.

Gültəkin Muradova uşağı aparanda Firuzə Şıxəliyeva ona etiraz edib, qardaşını hara apardığını soruşub. 10 günə yaxın uşağı saxlayıb. 2022-ci il yanvarın 8-də hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində uşaq tapılıb və anasına təhvil verilib.

İstintaq orqanı tərəfindən Gültəkin Muradovanın barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan edilib.