VÖEN DƏLƏDUZLUĞU

VÖEN DƏLƏDUZLUĞU

8 Fevral 2023 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Son zamanlar Vöen dələduzluğu haqqında zaman-zaman mətbuatda silsilə yazılar dərc olunmağına baxmayaraq, indi bu dələduzluğu etmək bir az da sadələşib. Hələlik adının açıqlanmasını istəməyən vətəndaşla söhbət zamanı məlum oldu ki, dələduz vətəndaşa özünü hansısa yardım qurumunun əməkdaşı kimi təqdim edib. Vətəndaşın evinə baxış keçirən dələduz onun ailə vəziyyətinin ağır olmasını nəzərə alaraq ona qurumları tərəfindən hər ay maddi yardım ayrılacağına söz verib. Sonradan vətəndaşı aldadaraq, bunun üçün notarial qaydada etibarnamənin vacib olduğunu söyləyib. Vətəndaşdan notarial qaydada etibarnamə aldıqdan sonra, dələduz vətəndaş heç nədən şübhələnməsin deyə 2 ay onun yaşadığı ünvana 50 azn pulu yardım şəklində göndərib. Bu minvalla həmin ərazidə yaşayan bir neçə vətəndaş tora düşüb. Hə indi keçək dələduzun əməllərinə. O, bu qayda ilə vətəndaşlardan etibarnamələr əldə edərək, ASAN Xidmət mərkəzində Vergilər şöbəsində vətəndaşların hər birinin adına elektron şəkildə eyni vaxtda beş şirkət təsis edir. Elə həmin şöbədə hər vətəndaşın adına bir telefon nömrəsi alaraq, şirkətləri internet üzərindən rahat idarə edə bilsin deyə ASAN İmza təsdiq etdirir. Sonra Asan imzanın köməyi ilə həmin şirkətlər üzərindən bank hesabları açdırır, şirkətələ işə direktorlar təyin edir və başlayır fəaliyyətə. Yazıq vətəndaşların isə bu zaman ərzində heç nədən xəbərləri olmur. Belə dələduzlar adətən əvvəlcədən müəyyən şirkətlərlə razılığa gələrək onlara elektron qaimə göndərməklə el arasında "priçisleni" deyilən pul köçürmə əməliyyatı həyata keçirirlər. Hətta həmin şirkətlərin adına xaricdən mal belə gətirirlər. Müəyyən bir müddət keçdikdən sonra həmin şirkətlərin dövlətə külli miqdarda borcu yaranır. Dövlət isə borcun ödənilməsi məqsədi ilə həmin şirkətlərin rəhbərlərindən məhkəmə qaydasında borcun ödənişini tələb edir. Bax bu zaman həmin yardım alan vətəndaşlar məlumat alırlar ki, dövlət büdcəsinə kifayət qədər borcları var. Sonda vətəndaşların əmlaklarına borca görə həbs qoyulur. Nəticədə onusuz da dolanışığı yaxşı olmayan vətəndaşlar bu dəfə əmlaklarını itirməli olurlar.

Əziz oxucularım bu hadisəni qələmə almaqda məqsədim Sizi bu dələduzlara qarşı son dərəcə diqqətli olmağa səsləməkdir.

Murad Şahməmmədov