Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür
Bu gün 20-ci əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Xalq şairi Məmməd Arazın doğum günüdür.
Böyük sənətkar 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. O, ilk təhsilini elə həmin kənddə alıb. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib və əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb. Sonra Bakıya köçüb, Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. Müxtəlif ədəbi orqanlarda, o cümlədən "Ədəbiyyat və incəsənət" qəzetində, "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında işləyib. O, 1961-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib.
Gənclik illərindən şeirlər yazan M. Arazın “Sevgi nəğməsi” adlı ilk kitabı 1959-cu ildə çap olunub. 40 ildən artıq bədii yaradıcılıqla məşğul olan şairin müxtəlif vaxtlarda onlarla kitabı işıq üzü görüb. Onun milli duyğuları dilə gətirən poeziyası yüksək bədii məziyyətlərinə və sənətkarlıq qüdrətinə görə seçilib.
Səməd Vurğun ədəbi məktəbinin B. Vahabzadə, H. Arif, N. Xəzri, N. Həsənzadə kimi görkəmli nümayəndələrindən biri hesab olunan M. Arazın milli ruhlu poeziyası, özündən sonrakı ədəbi nəsillərə də təsirsiz ötüşməyib və haqqında çoxlu şeirlər, poetik nümunələr yazılıb.
O, müstəqil Azərbaycanın ilk Xalq şairi adını alan və "Istiqlal" ordeni ilə təltif olunan tanınmış sənətkarlarından biri olub.Məmməd Araz həm də 1992-ci ildə Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır. 1993-cü ildən isə görkəmli şairimizin adına "Məmməd Araz" mükafatı təsis olunub.
Məmməd Araz təkrarolunmaz yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızı yeni mərhələyə çıxaran görkəmli şəxsiyyətlərdən biridir. Azərbaycan fəlsəfi və siyasi lirikası onun sayəsində daha da zənginləşib.
Böyük sənətkarımız 2004-cü ilin dekabrın 1-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
Almaz Həsənli