Kamilə Nəbiyeva Namanqanda keçirilən üçüncü beynəlxalq Məqam Sənəti Festivalının qalibi olub
Azərbaycanın məşhur muğam ifaçıları öz əsrarəngiz səsləri ilə beynəlxalq aləmi özlərinə heyran etməkdə davam edirlər. Bunu bu günlərdə Özbəkistanın Namanqan şəhərində keçirilən üçüncü beynəlxalq Məqam Sənəti Festivalı çərçivəsində Azərbaycanın muğam ifaçısı,Azərbaycanın Xalq artisti, məşhur xanəndə Gülyaz Məmmədovanın yetirməsi Kamilə Nəbiyevanın uğurlu çıxışı da bir daha təsdiq edir.
UNESCO, ISESCO, Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Parlament Assambleyası, Türk Mədəniyyəti və İrsi Fondu və digər beynəlxalq təşkilatların rəhbərləri, mədəniyyət nazirləri, xarici ölkələrin səfirləri, dünyanın 80 ölkəsindən gələn 250-dən çox mədəniyyət və incəsənət xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və diplomatlar iştirak etdiyi festivalda Kamilə Nəbiyeva özünün ecazkar ifası ilə onların könüllərini fəth edərək qalib adını qazanıb.

Azərbaycanın Xalq artisti, xanəndə, muğam ustası, pedaqoq Gülyaz Məmmədova yetirməsinin Namanqan festivalında daha bir böyük uğura imza atmasını məmnunluqla və ruh yüksəkliyi ilə qarşılayıb.
Gülyaz Məmmədova Oxuməni.az-a verdiyi açıqlamasında deyib: "Sevimli, istedadlı tələbəm Kamilənin gözıl ifası ilə Namanqan festivalında iştirak edən məşhur sənətkarların qəlblərini fəth edərək birinci yeri tutmasını sevinc hissi ilə qarşıladım. Bu möhtəşəm qələbə münasibəti ilə Kamiləni bağrıma basır və ona yeni-yeni uğurlar arzulayıram".
Festivaldakı konsertdə Nurəddin Tağıyev (kamança) və Teymur Cəbrayılovun (zərb alətləri) ifasında solo “Bayatı-Şiiraz” səslənib, “Muğan” qrupunun ifasında isə muğam və mahnılarımız ifa edilib. (Kamilə Nəbiyeva (xanəndə), Rəşad İbrahimov (tar), Elnur Mikayılov (kamança), Rafael Əsədov (balaban), Kamran Kərimov (nağara) və Əməkdar artist Xəyyam Quliyev (ud).
Azərbaycanın Əməkdar artisti, Özbəkistanın mədəniyyət səfiri, Bakıdakı Muğam Mərkəzinin direktoru tarzən Sahib Paşazadə festivala qonaq kimi qatılıb.
Azərbaycan ifaçılarının çıxışları alqışlarla qarşılanıb.
Qeyd edək ki, Musiqi bayramında ölkəmizi Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Mədəniyyət nazirliyinin nümayəndəsi Nəsibə Əsgərova, sənətşünaslıq üzrə fəlsəfə doktoru. Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, Azərbaycanın Xalq artisti, Mənsum İbrahimov, xanəndə Kamilə Nəbiyeva və müsiqiçilər təmsil ediblər. Mənsum İbrahimov həm də festivalın nüfuzlu münsiflər heyətinin sədri kimi çıxış edib.




Əziz MUSTAFA































































































