Fransada muzeydən 4 milyon avro dəyərində zinət əşyaları oğurlanıb

Fransada muzeydən 4 milyon avro dəyərində zinət əşyaları oğurlanıb

Bəyəndim (1) Bəyənmədim (0)

Fransanın şərqində, Vingen-sür-Modern şəhərində yerləşən Lalique zərgərlik sənəti muzeyində böyük bir soyğun hadisəsi baş verib. Naməlum şəxslər iyulun 6-sı səhər tezdən binaya daxil olaraq təxminən 20 zinət əşyası oğurlayıblar.

İlkin məlumata görə, oğurlanan eksponatların dəyəri təxminən dörd milyon avroya qiymətləndirilir. Oxuməni.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının qeyd etdiyinə görə, cinayətkarlar ehtimal ki, obyekti əvvəlcədən öyrənib və əvvəlcədən hazırlanmış plana uyğun hərəkət ediblər. Siqnalizasiya işə düşməsinə baxmayaraq, təhlükəsizlik şirkətinin əməkdaşlarının vəziyyəti qiymətləndirməsi bir qədər vaxt alıb. Muzeyə səhər gələn xadimə qadın ilk olaraq qapı-pəncərələrin sındırıldığını görüb və jandarmı çağırıb.

Hazırda polis müşahidə kameralarının yazısını təhlil edir və cinayətkarların şəxsiyyətini müəyyənləşdirir. İstintaqın maraqları naminə hüquq-mühafizə orqanları obyektə daxilolma üsulu, cinayətkarların mümkün qaçış yolları və ehtimal olunan əlbir olanlar barədə təfərrüatları açıqlamır. Hələlik heç bir həbs barədə məlumat yoxdur.

Lalique muzeyi 2011-ci ildə açılıb və art-nuvo və art-deko dövrlərinə aid əsərləri olan fransız rəssam-zərgər və bədii şüşə ustası Rene Lalikə həsr olunub.

2025-ci ilin payızında Paris Luvr muzeyində baş vermiş böyük soyğundan sonra Lalique muzeyi hüquq-mühafizə orqanlarının gücləndirilmiş nəzarəti altında idi və yüksək riskli obyekt hesab olunurdu. Buna baxmayaraq, cinayətkarlar onun kolleksiyasının ən dəyərli hissələrindən birini oğurlamağa müvəffəq olublar.

Almaz Həsənli