Harri Potter fanatları Dobbinin “məzarı”na görə enerji kabelinin marşrutunu dəyişdiriblər
Böyük Britaniya ilə İrlandiya arasında qurudan və dəniz dibindən keçməli olan 430 milyon funt-sterlinq (502 milyon avro) dəyərindəki yüksək gərginlikli kabelin çəkilişi layihəsi dəyişdirilməli olub. Buna səbəb “Harri Potter” fanatlarının ilkin marşrutun uydurma personaj olan ev elfi Dobbinin memorialına zərər verəcəyini aşkar etmələri olub. Oxuməni.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti “Greenlink” layihəsinin keçmiş direktoru Saymon Ladlama istinadən məlumat yayıb.
Böyük Britaniyadan İrlandiyaya elektrik enerjisi təchizatını təmin etməli olan 190 kilometrlik “Greenlink” yüksək gərginlikli kabelinin İrlandiyanın Ueksford qraflığı ilə Uelsin Pembrokşir bölgəsindəki Freşuoter-Uest çimərliyi arasında çəkilməsi planlaşdırılırdı. Məhz bu çimərlikdə “Harri Potter və Ölüm Hədiyyələri. I hissə” (2010) filmində Dobbinin ölüm səhnəsi çəkilib.
O vaxtdan bəri çimərlik saqa pərəstişkarları üçün məşhur ziyarətgaha çevrilib: onlar orada Dobbinin memorialını qurub və qəhrəmanın xatirəsinə boyanmış daşlar və corablar qoymağa başlayıblar.
Avropanın ən böyük təbiəti mühafizə təşkilatı olan “National Trust” 2022-ci ildə memorialın saxlanılmasına icazə verib, lakin ekoloji səbəblərdən fanatları artıq corab qoymamağa çağırıb.
“Greenlink” xəttinin birbaşa Dobbinin memorialının üzərindən keçəcəyini öyrənən pərəstişkarlar kütləvi etirazlara başlayıblar.
Ötən çərşənbə günü yayımlanan “The Energy Revolution” podkastına müsahibəsində “Etchea Energy” konsaltinq şirkətinin baş direktoru Saymon Ladlam bu planların qəzəbli “Harri Potter” fanatlarından gələn “yüzlərlə zəngə” necə səbəb olduğunu danışıb.
“Bu, uydurma kitabdan olan uydurma personajdır, burada hər şey xəyalidir, söhbət nədən gedir?” — deyə Ladlam fanatların narazılığı barədə ona məlumat verən və vəziyyətin “çox, çox ciddi” olduğunu israr edən həmkarına sual verib.
“O zaman biz planlaşdırıcılarla müzakirələrə qayıtdıq və kabelin marşrutunu elə dəyişdik ki, o, artıq Dobbinin məzarının üzərindən keçməsin”, — deyə Ladlam izah edib. “Bir çoxları bundan çox razı qaldı və əslində, layihə həyata keçirilir, Dobbi də razıdır”.
Layihə 2025-ci ildə işə salınıb və hazırda 380 000 evi elektrik enerjisi ilə təmin edə bilir. Və bütün bunlar Dobbinin məzarını təhqir etmədən baş verib. Sehrli çubuqları aşağı endirmək olar.
Almaz Həsənli























































.jpg)





































