Suriya İranı 300 milyardlıq məsuliyyətə cəlb etmək istəyir

Suriya İranı 300 milyardlıq məsuliyyətə cəlb etmək istəyir

26 Dekabr 10:30
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün Suriyanın yeni administrasiyasına yaxın media xəbər verib ki, ölkə hakimiyyəti İrandan Suriya xalqına yüz milyardlarla dollar təzminat ödəməsini tələb edərək beynəlxalq məhkəmələrdə iddia qaldırmağa hazırlaşır.
Mənbələrin bildirdiyinə görə, Suriya 13 ildir davam edən vətəndaş müharibəsi zamanı Əsəd rejiminə hərbi dəstək verdiyi üçün Suriya xalqına və ölkənin infrastrukturuna dəyən ziyana görə İranı məsuliyyətə cəlb etmək niyyətindədir.
İran müharibə zamanı Əsədi dəstəkləmək üçün milyardlarla dollar xərcləyib və müttəfiqinin hakimiyyətdə qalmasına kömək etmək üçün Suriyaya İnqilab Keşikçiləri qüvvələrini göndərib.
Suriyanın xarici işlər naziri vəzifəsinə təyin olunmuş Əsəd Həsən Əl-Şeybani dünən İranı ölkəsinin işlərinə qarışmaqdan çəkindirib. Platforma “X”-də yazıb: “İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və təhlükəsizliyinə hörmət etməlidir. Biz onları Suriyada xaos yaymaqdan çəkindirəcəyik və son bəyanatlarının nəticələrinə görə də onları məsuliyyətə cəlb edəcəyik”.
Əl-Şeybani hansı bəyanatlardan danışdığını dəqiqləşdirməyib. Bununla belə, bunun bir neçə saat əvvəl İranın xarici işlər naziri Abbas Əraqçinin Suriyada qələbənin əldə edildiyinə inananların mühakimə yürütməkdə tələsməməsi lazım olduğunu bildirdiyi bəyanata reaksiya olması tamamilə mümkündür, çünki hələ də qarşıda “çoxlu hadisələr” var.
Həmçinin Suriya hökumətindəki mənbələr Suriya ilə İran arasında hər hansı təmasların, o cümlədən İranın Dəməşqdə və Suriyanın Tehranda səfirliyinin açılması ilə bağlı diplomatik danışıqların mövcudluğunu təkzib ediblər. Mənbələr vurğulayıblar ki, yeni administrasiyanın yaxın gələcəkdə İranla əlaqələr qurmaq planları yoxdur.

Almaz Həsənli