Moskva Ukrayna üçün sülh şərtlərini açıqlayıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynadakı münaqişənin həlli yalnız hüquqi qüvvəyə malik sazişlərin bağlanması ilə mümkündür. O, bu müqavilələrə konkret nələrin daxil ediləcəyini açıqlamayıb.
Lavrov vurğulayıb ki, Rusiya özünün “xüsusi hərbi əməliyyatı”nın (Rusiya hakimiyyətinin müharibə adlandırdığı) məqsədlərinə çatmağa və böhranın səbəblərini aradan qaldırmağa çalışır.
Qırğızıstan Xarici İşlər Nazirliyinin rəhbəri Jeenbek Kulubayevlə görüşdən sonra keçirilən mətbuat konfransında rusiyalı nazir qeyd edib: “Biz Ukrayna münaqişəsi ətrafında vəziyyəti müzakirə etdik və “xüsusi əməliyyat”ın məqsədlərinə nail olmaq öhdəliyimizi təsdiqlədik. Böhranı onun səbəblərini aradan qaldırmaqla həll etmək olar. Bu, təkcə Avropada deyil, ABŞ-da da başa düşülməyə başlayıb”.
Lavrovun sözlərinə görə, atəşkəs razılaşmaları hüquqi qüvvəyə malik olmalı və onların pozulması ehtimalını istisna etməlidir.
Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Ukraynanın NATO-ya qismən üzv olacağı və hərbi yardım almağa davam edəcəyi təqdirdə sülh danışıqlarına hazır olduğunu bildirib. Bununla belə, o vurğulayıb ki, Kiyev öz ərazilərindən - Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən imtina etməyəcək. Zelenski hesab edir ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra onları diplomatik yolla geri qaytarmaq olar.
Rusiya referendumun nəticələrini əsas gətirərək 2014-cü ildə Krımı, 2022-ci ildə isə Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini ilhaq edib. Beynəlxalq ictimaiyyət bu əraziləri Rusiya kimi tanımaqdan imtina etdi. Ukrayna və Qərb ölkələri bu referendumları ilhaq adlandıraraq tanımırdılar.
Rusiya prezidenti Vladimir Putin münaqişənin Ukraynanın NATO-ya üzv olmaq istəyinə görə başladığını iddia edir. Danışıqların şərtləri arasında o, Ukrayna qoşunlarının Donbass, Xerson və Zaporojye vilayətlərindən çıxarılmasını, bu ərazilərin Rusiyanın bir hissəsi kimi tanınmasını, Kiyevin NATO-ya üzv olmaqdan imtinasını və Rusiya iqtisadiyyatına qarşı sanksiyaların ləğvini göstərib. Zelenski bu tələbləri rədd edərək, onları ultimatum adlandırıb.
Yanvarın 22-də Çin prezidenti Si Cinpinlə söhbətində Putin qeyd edib ki, Ukraynada sülh uzunmüddətli olmalı və Rusiyanın maraqlarını nəzərə almalıdır.
Almaz Həsənli