Özbəkistan, Qırğızıstan və Tacikistan ilk dəfə üçtərəfli sammit keçirəcək

Özbəkistan, Qırğızıstan və Tacikistan ilk dəfə üçtərəfli sammit keçirəcək

26 Fevral 14:15
Bəyəndim (2) Bəyənmədim (0)

Özbəkistan, Qırğızıstan və Tacikistan prezidentləri martın 31-də ilk dəfə üçtərəfli sammit üçün görüşəcəklər. Bunu Cenevrədə BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyasının yüksək səviyyəli iclasında Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov deyib. Onun sözlərinə görə, Qırğızıstan, Tacikistan və Özbəkistan başçılarının tarixdə ilk dəfə keçiriləcək üçtərəfli sammiti regional əməkdaşlığın möhkəmləndirilməsində mühüm addım olacaq. Görüş yeri Tacikistanın Xucənd şəhəri seçilib.

Baş nazirin müavini Qırğızıstan və Tacikistanın birgə dövlət sərhədi məsələsinin yekun həlli barədə görüş iştirakçılarına məlumat verib.

“Bu hadisə “diplomatiyanın və siyasi iradənin tarixi təntənəsi”dir. Biz sübut etdik ki, ən çətin məsələləri belə dialoq, qarşılıqlı hörmət və etimad yolu ilə həll etmək olar”, - deyə o vurğulayıb.

Xatırladaq ki, fevralın 21-də Bişkekdə Qırğızıstan və Tacikistan hökumət nümayəndə heyətlərinin başçıları Kamçıbek Taşiyev və Saimumin Yatimov Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası üzrə yekun protokolu imzalayıb və bir sıra sazişləri paraflayıblar. Bunlara dövlət sərhədi haqqında müqavilə, hökumətlər arasında enerji obyektləri və su ehtiyatları haqqında sazişlər, keçid yollarının istifadəsi və yeni yolların tikintisi haqqında saziş daxildir.

Əziz Mustafa, Oxuməni.az