
Səudiyyə Ərəbistanı Suriyanın Dünya Bankına olan borclarını ödəyəcək
Səudiyyə Ərəbistanı Suriyanın Dünya Bankına olan təxminən 15 milyard dollarlıq borcunu ölkəyə yenidənqurma qrantları cəlb etmək üçün ödəməyi planlaşdırır. Bu barədə mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb. 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən bəri Ər-Riyad Ərəb Respublikasına maliyyə yardımı göstərməyib.
Maliyyə qurumunun ölkəyə qrant və digər yardım formalarını təsdiqləməsi üçün Suriya Dünya Bankına olan borcunu ödəməlidir. Bununla belə, Dəməşqdə xarici valyuta çatışmazlığı var və xaricdəki dondurulmuş aktivlərdən istifadə etməklə borcların ödənilməsi planı həyata keçirilməyib, Reuters mənbələri qeyd edib.
Agentliyin məlumatına görə, Dünya Bankı Suriyanın vətəndaş müharibəsi illərində zədələnmiş enerji sisteminin bərpası üçün qrant ayıra bilər. Büdcə işçilərinin maaşları üçün vəsaitin göndərilməsi də müzakirə olunur. Reuters agentliyinin məlumatına görə, yüksək səviyyəli Suriya nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun iclaslarında iştirak etmək üçün aprelin sonunda Vaşinqtona gedəcək.
Səudiyyə Ərəbistanı və Misir də daxil olmaqla əksər ölkələr Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı ABŞ-ın mövqeyini gözləyərək, Suriyanın yeni hökumətinə maliyyə yardımı göndərilməsini gecikdirir. Eyni zamanda, The Wall Street Journal-ın yazdığı kimi, fevral ayında Suriya Mərkəzi Bankı Rusiyadan 23 milyon dollar ekvivalentində yerli valyuta alıb. Mart ayında Reuters xəbər vermişdi ki, Misir ABŞ-ın icazəsi ilə İordaniya vasitəsilə Suriyaya qaz tədarük etmək qərarına gəlib.
Əziz Mustafa, Oxuməni.az