
“Honda” avtomobil istehsalını ABŞ-a köçürəcək
Avtomobil nəhəngi “Honda Motor”un rəhbərliyi avtomobil istehsalının bir hissəsini Meksika və Kanadadan ABŞ-a köçürmək planları üzərində işləyir. Bu barədə Yaponiyanın “Nikkei” agentliyi məlumat yayıb.
Belə ki, istehsalçı ABŞ prezidenti Donald Trampın avtomobil idxalına tətbiq etdiyi 25 faizlik gömrük rüsumuna cavab vermək niyyətindədir. “Nikkei”-nin məlumatına görə, şirkət “CR-V” yolsuzluq avtomobilinin istehsalını Kanadadan və “HR-V” -nin istehsalını Meksikadan köçürəcək. Bundan əlavə, “Honda” iki-üç il ərzində ABŞ-da istehsalı 30 faiz artırmağı planlaşdırır.
Kanadanın “The Globe and Mail” nəşri öz növbəsində xatırladıb ki, əvvəllər “Honda”-nın “Civic” hibridinin istehsalına Meksikada deyil, Amerikanın İndiana ştatında başlamağı planlaşdırdığı barədə məlumat verilmişdi. 2024-cü ildə ABŞ “Honda”-nın ən böyük bazarına çevrildi və şirkətin avtomobillərinin təxminən 40 faizi orada satıldı. Bu ilin ilk üç ayında “Honda”-nın ABŞ-da satışları beş faiz artaraq 352 minə yaxın avtomobilə çatıb.
Aprelin əvvəlində məlum oldu ki, “Volvo” və “Mercedes” kimi avtomobil nəhəngləri istehsalı ABŞ-a köçürməyi düşünürlər. Daha sonra “Nissan”-ın oxşar planlar hazırladığına dair məlumatlar ortaya çıxdı.
Almaz Həsənli