
Trampın reytinqi Ağ Evə qayıtdıqdan sonra ən aşağı səviyyəyə düşüb
“Reuters”in sifarişilə “Ipsos”-un 16-21 aprel tarixlərində keçirdiyi sorğusunun nəticələrinə görə, ABŞ prezidenti Donald Trampın ictimai rəyi yanvarda ikinci prezidentliyə başladığından bəri ən aşağı səviyyəyə düşüb.
Trampın prezident kimi fəaliyyəti respondentlərin 42%-i tərəfindən bəyənilib. Üç həftə əvvəl keçirilmiş əvvəlki sorğuda 43% Trampın fəaliyyətini bəyənmişdi, 20 yanvarda andiçmə mərasimindən dərhal sonra isə bu, 47% idi.
“Reuters”-in qeyd etdiyi kimi, Trampın təsdiq reytinqi 2023-2024-cü illərdə sələfi Co Baydenin reytinqindən yüksək olaraq qalır. Baydenin ən aşağı reytinqi 2024-cü ilin oktyabrında qeydə alınıb - 35%.
Rəyi soruşulanların təxminən 75%-i Trampın üçüncü müddətə namizədliyini irəli sürməməli olduğunu bildirib. Respublikaçı respondentlərin əksəriyyəti (53%) hesab edir ki, Tramp üçüncü müddətə prezident olmaq istəməməlidir.
Respondentlərin əksəriyyəti (83%) bildirib ki, ABŞ prezidenti istəməsə belə, federal məhkəmələrin qərarlarına tabe olmalıdır. Respondentlərin 57 faizi, o cümlədən respublikaçıların üçdə biri “ABŞ prezidentinin universitetin necə idarə olunması ilə razılaşmadığı halda, ABŞ prezidentinin universitetlərə ayrılan maliyyəni kəsməsi normaldır” ifadəsi ilə razılaşmır. Respondentlərin 66%-i bildirib ki, prezident milli muzeylər və teatrlar kimi aparıcı mədəniyyət qurumlarına nəzarət etməməlidir.
İnflyasiya və immiqrasiyadan tutmuş vergilərə və qanunun aliliyinə qədər bir çox mövzuda amerikalılar Trampın fəaliyyətini təsdiqləməkdən daha çox bəyənmirlər. Belə ki, ən böyük dəstəyə malik olan immiqrasiya məsələsində respondentlərin 45%-i Trampın fəaliyyətini bəyənib, 46%-i isə bəyənməyib.
Respondentlərin təxminən 59%-i, o cümlədən respublikaçıların üçdə biri ABŞ-ın dünyada etibarını itirdiyini bildirib.
Almaz Həsənli