
Mİ6-ya tarixdə ilk dəfə olaraq qadın rəhbərlik edə bilər
Britaniyanın Mİ6 xarici kəşfiyyat xidmətinə tarixində ilk dəfə olaraq qadın başçılıq edə bilər. Bu barədə “The Sunday Times” yazır.
Kəşfiyyatın hazırkı rəhbəri Riçard Mur beş illik vəzifəsindən sonra bu payız vəzifəsini tərk edir. Nəşrin məlumatına görə, yeni rəhbərin seçilməsi üçün artıq müsahibələr keçirilib və ikisi Mİ6-nın hazırkı əməkdaşı olan üç qadın qısa siyahıya düşüb.
Bu vəzifəyə əsas namizədlərdən biri hazırda Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsini tutan Barbara Vudvorddur.
Vudvord Çində iş də daxil olmaqla geniş diplomatik təcrübəyə malikdir və bu onu Pekinlə qarşıdurma şəraitində xüsusilə dəyərli fiqur edir. Lakin onun potensial təyinatı artıq mübahisələrə səbəb olub, tənqidçilər onun kəşfiyyat təcrübəsinin olmamasına və Çinə qarşı yumşaq mövqeyinə işarə ediblər.
Digər tərəfdən, tərəfdarlar hesab edirlər ki, diplomatik təcrübə və beynəlxalq arenada biliyi xüsusilə qlobal çağırışlar və kəşfiyyat orqanları arasında artan rəqabət şəraitində üstünlük ola bilər.
1909-cu ildə yarandığı gündən Mİ6-ya yalnız kişilər rəhbərlik edir - cəmi 17 nəfər. Əgər Barbara Vudvord və ya başqa bir qadın təyin olunarsa, bu, Britaniya kəşfiyyatı tarixində misli görünməmiş bir addım olardı.
Müqayisə üçün qeyd edək ki, Mİ5 əks-kəşfiyyat xidmətinin bütün tarixində yüksək vəzifələrdə cəmi iki qadın olub.
Xatırladaq ki, Mİ6 və ya Britaniya Xarici Kəşfiyyat Xidməti ölkədən kənarda məlumatların toplanması və təhlilinə cavabdehdir. Xidmətin vəzifələrinə milli maraqların qorunması, beynəlxalq terrorizm, casusluq və transmilli cinayətlərlə mübarizə daxildir. Mİ6 bütün dünyada “CIA”, “NSA” və digər tərəfdaş kəşfiyyat agentlikləri ilə sıx əməkdaşlıq edir.
Almaz Həsənli