
Fransada 6 yaşlı uşaq doğum evində yeni doğulmuş qızı öldürüb
Fransanın Lill şəhərində altı yaşlı uşaq doğum evində gəzərkən yeni doğulmuş qızı öldürüb. Bu barədə “BFM TV” xəstəxanasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Hadisə cümə günü, iyulun 11-də baş verib. Hadisə şahidlərinin sözlərinə görə, hər gün səhər saat yeddidə doğum evinə "altı yaşlı nadinc oğlan" gəlirmiş - bu, doğan qadınlardan birinin oğlu idi. Uşaq tibb müəssisəsində təkbaşına, nəzarətsiz gəzirdi. İyulun 11-də o, Zayneb-Kassandranın yatdığı otağa daxil olub, onu qaldırıb və yerə yıxıb. Ehtimal ki, o, uşaq bezindən tutub onunla kukla kimi oynamağa çalışıb. Uşağın hərəkətlərinin qəsdən olub-olmadığı məlum deyil.
Ailənin verdiyi məlumata görə, başı üstə yıxılan yeni doğulmuş körpə huşsuz vəziyyətdə tapılıb. Təcili yardım göstərilsə də, həkimlər körpəni reanimasiya edə bilməyiblər.
"Bu insan faciəsi Lill Universitet Xəstəxanasının əməkdaşlarını və komandasını, eləcə də digər ailələri dərindən sarsıtdı", - xəstəxananın press-relizində deyilir.
Bildirilir ki, qızın valideynlərinə, yaxınlarına və tibb işçilərinə psixoloji yardım göstərilib. Tibb müəssisəsinin rəhbərliyi dərhal araşdırma aparılmasını xahiş edərək Lill prokuroru ilə əlaqə saxlayıb və həmçinin “daxili inzibati araşdırma”nın başlandığını elan edib.
Almaz Həsənli