Münhen hava limanında naməlum dronlara görə 20-dən çox reys təxirə salınıb

Münhen hava limanında naməlum dronlara görə 20-dən çox reys təxirə salınıb

10:08
Bəyəndim (1) Bəyənmədim (0)

Oktyabrın 2-də axşam saatlarında Münhen hava limanı yaxınlığında naməlum pilotsuz təyyarələr görünüb.

Bu barədə Almaniyanın “Der Spieigel” nəşri məlumat yayıb. Münhen hava limanı oktyabrın 2-də, cümə axşamı gecə saatlarında ərazidə naməlum dronların görünməsi səbəbindən bağlanıb. Ümumilikdə 20-yə yaxın reys təxirə salınıb.

"Federal polis gecə bir neçə nəfərin hava limanı yaxınlığında pilotsuz uçan aparat gördüyü barədə məlumat verdiyini bildirib. Sonradan dronların birbaşa hava limanı ərazisi üzərində peyda olması ilə bağlı xəbərlər də yayılıb. İlkin olaraq bunun bir, yoxsa bir neçə olması bəlli deyildi", - nəşr yazır.

Əyalət və federal polis əməkdaşları pilotsuz təyyarələri və ehtimal olunan şübhəliləri axtararaq ərazidə patrul aparsalar da, heç bir nəticə verməyiblər.

Sentyabrın 26-na keçən gecə Almaniyanın şimalındakı Şlezviq-Holşteyn əyalətində strateji obyektlər üzərində şübhəli pilotsuz uçuş aparatları aşkarlandığı barədə daha əvvəl məlumat verilmişdi.

Bir neçə dron Kieldəki gəmiqayırma zavodunun üzərindən uçdu və daha sonra universitet klinikasının, elektrik stansiyasının, yerli parlament binasının yaxınlığında və hətta neft emalı zavodunun üzərində göründü.

Almaniyanın daxili işlər naziri Alexander Dobrindt "Almaniyanın təhlükəsizliyinə artan təhdid" elan etdi və pilotsuz uçuş aparatları ilə mübarizə mərkəzinin yaradılmasını elan etdi. Bundestaq həmçinin orduya hərbi obyektlər xaricində şübhəli pilotsuz təyyarələri vurmağa icazə verən qanun hazırlayır.
Son iki həftə ərzində Polşa və Şimali Avropa ölkələrində hərbi və infrastruktur obyektləri üzərində naməlum dronların çoxsaylı uçuşları qeydə alınıb.

Sentyabrın 9-da Rusiya pilotsuz təyyarələri Polşaya uçdu, sentyabrın 19-da isə üç MiQ-31 qırıcısı Estoniya sərhədini keçərək 12 dəqiqədən çox ölkə üzərində havada qaldı. Bu hadisə son iki onillikdə ən ciddi hadisə idi. Sentyabrın 27-də Norveçdəki Orland aviabazasının yaxınlığında pilotsuz təyyarələr müşahidə edilib. Bu aerodromda çoxlu sayda F-35 qırıcısı var və bu yaxınlarda NATO təlimləri keçirilib.

Həmin gün pilotsuz təyyarələr ikinci dəfə Danimarkada, xüsusən Aalborg, Esbjerg, Sonderborg hava limanları üzərində və Skridstrup aviabazasının yaxınlığında aşkarlanıb.

Əziz MUSTAFA