
İsrail hakimiyyəti Qəzza-Misir sərhədindəki “Rəfah” keçidini açmaq qərarına gəlib
İsrail oktyabrın 15-də Qəzza zolağı ilə Misir arasındakı “Rəfah” sərhəd-keçid məntəqəsini açmağa qərar verib.
İsrail dövlət telekanalı KAN bildirir ki, İsrail hakimiyyətinin qərar qəbul etməsinə HƏMAS-ın Qəzza zolağında həlak olmuş daha dörd israilli əsirin cəsədini gecə təhvil verməsi və bu gün də digər həlak olanların cəsədlərinin təhvil veriləcəyi faktı təsir edib.
Bununla da İsrail hökuməti oktyabrın 15-dən HƏMAS-a qarşı tətbiq etməyi planlaşdırdığı "sanksiyaları" ləğv etmək qərarına gəlib, kanal qeyd edib.
Xəbərə görə, İsrailin siyasi rəhbərliyi Qəzzanı Misirlə birləşdirən “Rəfah” keçidinin planlaşdırıldığı kimi bu gün açılacağına və humanitar yardımın razılaşmaya uyğun olaraq davam edəcəyinə qərar verib.
İsrail daha əvvəl “Rəfah”ı açmayacağını açıqlamışdı.
“Rəfah” keçidi Qəzza zolağı ilə Misir arasında sərhəd keçid məntəqəsidir. 2007-ci ildən, İsrail Qəzzaya blokada tətbiq etdikdən sonra, bu, humanitar yardım, tibbi evakuasiya, ticarət və insanların hərəkəti üçün İsrail tərəfindən nəzarət olunmayan yeganə quru dəhlizinə çevrildi.
Bu keçid tez-tez "Qəzzanın dünyaya açılan qapısı" və ya uzunmüddətli blokada və hərbi əməliyyatlar səbəbindən humanitar böhran yaşayan Qəzza zolağının 2,3 milyon sakini üçün "həyat xətti" adlandırılır. “Rəfah”ın bağlanması aclıq və xəstəliklərin kəskinləşməsinə səbəb olan qida, dərman və yanacaq çatışmazlığına səbəb olur.
Almaz Həsənli