Tayland-Kamboca sərhədində döyüşlər başlayıb

Tayland-Kamboca sərhədində döyüşlər başlayıb

15:21
Bəyəndim (2) Bəyənmədim (0)


Tayland və Kamboca bir-birinin ərazisinə hava hücumları ediblər.
“Reuters” xəbər verir ki, Tayland ordusu bazar ertəsi günü hər iki ölkənin bir-birini ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən atəşkəsi pozmaqda günahlandırmasından sonra Kamboca ilə mübahisəli sərhəd boyunca hava hücumları həyata keçirdiyini açıqlayıb.
Məlumata görə, şərqdəki Ubon Ratçatani əyalətinin iki rayonunda baş verən toqquşmalarda ən azı bir Tayland əsgəri həlak olub, daha dörd nəfər isə Kamboca tərəfindən atılan atəş nəticəsində yaralanıb.
"Tayland tərəfi bir neçə ərazidə hərbi hədəflərə zərbə endirmək üçün təyyarələrdən istifadə etməyə başlayıb", - deyə ordu açıqlama verib.
Bu arada, Kamboca Müdafiə Nazirliyi Tayland qüvvələrinin bir neçə gün davam edən təxribatçı hərəkətlərdən sonra iki yerdə ordu mövqelərinə zərbə endirdiyini bildirib. Tayland əvvəllər Kamboca ilə sərhəddə baş verən silahlı insidentdən sonra dörd sərhəd əyalətinin sakinlərinin təcili təxliyəsinə başlamışdı.
Sərhəd mübahisəsi bu ilin iyul ayında beş günlük müharibəyə, ardınca Malayziyanın Baş naziri Ənvər İbrahim və ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə atəşkəs müqaviləsinə səbəb olub. Oktyabr ayında qonşu ölkələr arasında genişləndirilmiş sülh müqaviləsi də Kuala Lumpurda imzalanıb.
İyul ayında baş verən toqquşmalarda ən azı 48 nəfər həlak olub, təxminən 300.000 sakin müvəqqəti olaraq didərgin düşüb.
On illərdir ki, Tayland və Kamboca aralarındakı dəqiq sərhəd barədə razılığa gələ bilmirlər. Sərhədin ümumi uzunluğu 800 kilometrdən çoxdur. Bölgədə əhali azdır, əsasən çətinliklə gediş-gəliş olan bir ərazidir və reqionda xəritə çox zəif çəkilib. Sərhəd demarkasiyasının bir çox elementi Fransa müstəmləkə dövründən qalıb - 1863-cü ildən 1953-cü ilə qədər Kamboca Fransa protektoratı idi, Tayland, o vaxtkı Siam Krallığı isə formal olaraq müstəqil qaldı. Bu 90 il ərzində bir neçə ərazi güzəşti baş verdi və nəticədə faktiki sərhəd bir neçə dəfə dəyişdirildi. Bundan əlavə, 1907-ci ildə Fransa tərəfindən müəyyən edilmiş və Siamın qəbul etməyə məcbur olduğu sərhəd sonradan Tayland tərəfindən mübahisələndirildi.
Almaz Həsənli