Çində narkotik qaçaqmalçılığına görə Fransa vətəndaşı edam edilib
2010-cu ildə narkotik qaçaqmalçılığına görə edam cəzasına məhkum edilmiş Fransa vətəndaşı Çanq Tao Fumi Çinin Quançjou şəhərində edam edilib. Fransadakı Çin səfirliyi edam barədə məlumat verib. Bəyanatda deyilirdi ki, "narkotik cinayətlərinə qarşı mübarizə bütün ölkələrin ortaq məsuliyyətidir" və Çin "müxtəlif millətlərdən olan təqsirləndirilən şəxslərə bərabər yanaşır".
Reuters agentliyi Çanq Tao Fuminin Çində anadan olduğunu, lakin sonradan Fransa vətəndaşlığını aldığını bildirir. O, 2005-ci ildə narkotik qaçaqmalçılığı işi üzrə həbs olunan 89 nəfərdən biri olub. 2010-cu ildə 15 milyon dollarlıq narkotik qaçaqmalçılığı şəbəkəsində iştirakına görə edam cəzasına məhkum edilib.
"Le Monde" qəzetinin məlumatına görə, onun edamı iki ölkə arasında münasibətlərdə "soyuqluq yaradıb". Fransa Xarici İşlər Nazirliyi edamın "Fransa hakimiyyətinin səylərinə, o cümlədən həmvətənimiz üçün humanitar əfv almaq cəhdlərinə baxmayaraq" baş verməsindən təəssüfləndiyini bildirib. Fransa Xarici İşlər Nazirliyi bildirib ki, "Fransa ölüm hökmünü hər yerdə və istənilən şəraitdə rədd etdiyini bir daha bildirir və onun universal şəkildə ləğv edilməsinə çağırır".
Əziz MUSTAFA















































.jpg)




































