“Almaniya üçün Alternativ” (AfD) Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə inamlı qələbə qazanıb

“Almaniya üçün Alternativ” (AfD) Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə inamlı qələbə qazanıb

13:13
Bəyəndim (0) Bəyənmədim (0)

“Almaniya üçün Alternativ” (AfD) partiyası Saksoniya-Anhaltın landtaqına (əyalət parlamenti) keçirilən seçkilərdə 43,8% səs toplayaraq inamlı qələbə qazanıb. Oxuməni. az “DW”yə istinadla xəbər verir ki, bu barədə ilkin rəsmi nəticələri regional seçki komissiyası açıqlayıb.

Bu, AfD-nin Almaniya regionlarında öz tarixi ərzində əldə etdiyi ən yaxşı nəticədir; partiya beş il əvvəl keçirilən əvvəlki seçkilərlə müqayisədə səs faizini iki dəfə artırıb. Kansler Fridrix Mertsin Xristian Demokrat İttifaqı (CDU) 2021-ci illə müqayisədə səslərinin yarısından çoxunu itirərək ikinci yeri tutub. Xristian demokratlar cəmi 17,2% səs toplayıb ki, bu da CDU-nun Saksoniya-Anhaltda göstərdiyi ən pis nəticədir. Mühafizəkar namizədlər heç bir seçki dairəsində (birbaşa mandat) qalib gələ bilməyiblər.

Almaniya Sosial Demokrat Partiyası (SPD) 9,3% səslə üçüncü yeri tutub. Seçicilərin 8,9%-i “Yaşıllar”a, 8,6%-i isə Sol Partiyaya səs verib. BSW (əvvəlki adı “Sara Vaqenknext İttifaqı – ağıl və ədalət naminə”) partiyası da 5,3% səslə landtaqa daxil olub.

Saksoniya-Anhaltda təxminən 1,7 milyon nəfərin səsvermə hüququ var idi. Seçici fəallığı Almaniyanın birləşməsindən bəri region üçün rekord həddə – təxminən 77,8% olub.

Seçkilərdən sonra əyalət hökumətinin formalaşdırılması baxımından son dərəcə mürəkkəb vəziyyət yaranıb. Belə ki, BSW-dən başqa bütün partiyalar AfD ilə əməkdaşlıq etməkdən imtina edir, xristian demokratlar isə əlavə olaraq Sol Partiya ilə də kooperasiyanı istisna edirlər. Eyni zamanda, “Almaniya üçün Alternativ” mütləq səs çoxluğunu əldə etməyə çox az məsafə qalıb. Bununla belə, BSW-nin dəstəyi təqdirdə, partiya öz tarixində ilk dəfə regional kabinet qura bilər.

Ekspertlər CDU-nun məğlubiyyətini kansler Fridrix Mertsin şəxsi məğlubiyyəti və onun hökumətinin apardığı siyasətin, o cümlədən Rusiyaya münasibətdə yürüdülən xəttin qəbul edilməməsinin göstəricisi kimi qiymətləndirirlər.

Almaz Həsənli