
Yaponiyada zoopark işçiləri tənha meymunun hamiləliyinin sirrini açıblar
Yaponiyada Naqasaki prefekturasındakı zooloji bağın işçiləri erkəksiz təcrid olunmuş qəfəsdə yaşayan tənha meymunun hamiləliyinin sirrini açıblar. Bu barədə “Daily Star” yazır.
2021-ci ildə Momo adlı 12 yaşlı ağ əlli gibbon hamilə qaldı. Meymun tək qapalı şəraitdə yaşadığı və erkəklərlə əlaqəsi olmadığı üçün gözətçilər çox təəccübləndilər. Primatın hamiləliyinin səbəblərini tapmaq və körpənin atasını müəyyən etmək nəzəri cəhətdən olduqca sadə idi - DNT testindən istifadə etməklə. Bununla belə, Momo iki il ərzində heç kəsi övladına yaxın buraxmayıb. Yalnız bu yaxınlarda baxıcılar onun bioloji materiallarını əldə edə bildilər.
Məlum oldu ki, “gözəl uşaq”ın atası Momonun yanındakı volyerdə yaşayan 34 yaşlı İto adlı gibbondur. Zooparkın işçiləri belə qənaətə gəliblər ki, İto və Momo volyerlər arasındakı kiçik bir dəlikdən istifadə edərək cütləşməyə nail olublar.
İndi zooparkın işçiləri ümid edirlər ki, nəhayət ata, ana və balaları birlikdə yaşaya biləcəklər. "Əvvəlcə onlar bir-birlərinə öyrəşməlidirlər, amma ümid edirəm ki, onlar əsl ailə ola bilərlər," - zoopark rəhbəri Dzyun Yamano bildirib.
Almaz Həsənli