Yer kürəsinə 100 tonluq asteroid çatdıracaq missiyanın həyata keçirilməsi planlaşdırılır

Yer kürəsinə 100 tonluq asteroid çatdıracaq missiyanın həyata keçirilməsi planlaşdırılır

11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Kaliforniya ştatında yerləşən TransAstra Korporasiyası Yer kürəsinə yaxın bir asteroidi tutmaq missiyası üçün texniki-iqtisadi əsaslandırma işlərinə başlayıb. "Yeni Ay" adlandırılan layihə, təxminən 100 metrik ton ağırlığında bir səma cisminin Yer kürəsinə çatdırılmasını nəzərdə tutur.

Alimlər diametri 20 metrə qədər olan kiçik asteroidləri araşdırıb istifadə etməyi planlaşdırırlar. Hazırda təxminən 250 belə obyekt məlumdur və növbəti on il ərzində onlara çatmaq mümkün olacaq. Tutulan asteroidlər Yer kürəsindən 1,5 milyon kilometr məsafədə, sözdə L2 Laqranj nöqtəsində yerləşən xüsusi emal stansiyasına çatdırılacaq.
Asteroidlərin tutulması üçün Kapton da daxil olmaqla, davamlı, çoxqatlı materiallardan hazırlanmış unikal "torba"dan istifadə edilməsi planlaşdırılır. Diametri bir metr olan bu "torba"nın kiçik bir prototipi 2025-ci ildə Beynəlxalq Kosmik Stansiyasında uğurla sınaqdan keçirilib. TransAstra hazırda bu sistemin diametrini 10 metrə çatdırmaq üzərində işləyir.

Ətraflı planın və texniki-iqtisadi əsaslandırmanın 2026-cı ilin may ayına qədər hazır olacağı gözlənilir. Maliyyələşdirmə təsdiqlənərsə, ilk kosmik gəmi asteroidə 2028-2029-cu illərdə yaxınlaşa bilər. Bu ilk missiyanın ümumi dəyəri bir neçə yüz milyon dollar qiymətləndirilir.

Əziz MUSTAFA