Cop 29 çərçivəsində Maliyyə günü keçirilir
Bu gün, 14 noyabr, Cop 29 çərçivəsində Maliyyə, İnvestisiya və Ticarət günü (Climate FİTDay) keçirilir.
Bu gün İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsünün (BICFIT) təqdimatı keçiriləcək.
Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda noyabrın 22-dək davam edəcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Tədbir Azərbaycanın bu günə qədər təşkil etdiyi ən böyük tədbirdir və regionda ilk dəfədir ki, Azərbaycanda keçirilir.
COP29 çərçivəsində noyabrın 12-13-də ən yüksək səviyyəli tədbir - İqlim Fəaliyyəti üzrə dünya liderlərinin sammiti baş tutdu. COP29-dan əsas gözlənti iqlim maliyyəsi üçün ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) razılaşdırılmasıdır.
İqlim maliyyəsinin yaradılması əsas prioritet və imkan verən fəaliyyət olmaqla yanaşı, hamını bir araya gətirərək 1,5°C öhdəliyinə töhfə verəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. İngilis dilindən tərcümə edilən COP (Conference of Parties) abbreviaturası “Tərəflərin Konfransı” deməkdir, bu İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqandır.
Konvensiyanın iştirakçısı olan 198 ölkə var. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
Almaz Həsənli