Heydər Əliyev ideyalarının işığında: Azərbaycan yeni zəfərlərə doğru

Heydər Əliyev ideyalarının işığında: Azərbaycan yeni zəfərlərə doğru

12 Dekabr 08:05
Bəyəndim (0) Bəyənmədim (0)

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il keçir. Bu illər ərzində Azərbaycan Ulu Öndərin ideyalarının işıqlandırdığı yolla irəliləyərək əsrə bərabər inkişaf yolu qət edib, regionun qüdrətli dövlətlərindən birinə çevrilib. Çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi və uğurla həyata keçirilən antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

Azərbaycanın liderliyi və fəal iştirakı ilə beynəlxalq əhəmiyyətli bir sıra enerji və nəqliyyat layihələri gerçəkləşdirilib. TANAP və TAP boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri ölkəmizə mühüm siyasi, iqtisadi üstünlüklər qazandırır. Hazırda Azərbaycan kosmik ailənin üzvlərindən biridir. Səsimiz beynəlxalq arenalarda daha aydın eşidilir, üçrəngli Bayrağımız isə yüksək zirvələrdə dalğalanır. Bu uğurların əsasını Ulu Öndərin əbədi ideyaları, Prezident İlham Əliyevin məqsədyönlü qərarları, mövcud qlobal reallıqlara uyğun siyasəti və çevik diplomatik yanaşmaları təşkil edir.

Tənəzzüldən zirvəyə doğru

Azərbaycanın ən yeni tarixində qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. Onun 1969-cu ildən başlayan və 30 ildən çox davam edən rəhbərliyi dövründə ölkəmiz milli dirçəliş və intibah dövrünü yaşayıb.

Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi ilə Azərbaycanın həyatında köklü dəyişikliklər baş verdi - respublikamız canlanma mərhələsinə qədəm qoydu, yüksəliş və genişmiqyaslı quruculuq işləri başladı. Bakıda o dövrün nadir sənaye müəssisələri olan məişət kondisionerləri zavodu və dərin dəniz özülləri zavodu inşa edildi. Memarlıq inciləri olan “Gülüstan” sarayı və indiki Heydər Əliyev Sarayı tikildi, Yeni Əhmədli və Günəşli kimi iri yaşayış massivləri və mikrorayonlar salındı. Kənd təsərrüfatında əhəmiyyətli artımlar baş verdi ki, bu da əhalinin həyat səviyyəsinin xeyli yaxşılaşmasına səbəb oldu.

Ulu Öndər Heydər Əliyev hələ sağlığında əfsanələşmiş, nadir dövlət xadimlərindən biri idi. Dünyanın tanınmış simaları onu siyasət sahəsində patriarx və tarixin gedişinə təsir etmək gücündə olan şəxsiyyət kimi qiymətləndirirdilər.

Tam əminliklə demək olar ki, Azərbaycan tarixinin 1970-1980-ci illəri xalqımızın milli ideyalarının - azad, müstəqil və suveren dövlət qurmaq arzularının formalaşmasına, gələcəkdə milli azadlıq hərəkatının güclənməsinə möhkəm zəmin yaradıb.

Xalqın əbədi iftixar mənbəyi

Heydər Əliyev Azərbaycan tarixində ən görkəmli şəxsiyyətlərdən biridir. Azərbaycan xalqı onunla haqlı olaraq fəxr edir. Həyatı öz milləti ilə ayrılmaz şəkildə bağlı olan Ulu Öndər dövlətçilik tariximizdə unudulmaz rəhbər, qüdrətli Lider və fədakar insan kimi əbədi iz qoyub. Şübhəsiz ki, Heydər Əliyev Azərbaycanı qəlbən sevən və bütün həyatı boyu Vətəni üçün bu yolda hər bir əzab-əziyyətə hazır olan dahi insan idi.

O, SSRİ kimi böyük bir dövlətin ən yüksək rəhbər orqanlarından olan Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrinə qədər yüksəlmişdi. Heydər Əliyevin belə mötəbər bir siyasi zirvədə yer alması təbii ki, Azərbaycanın inkişafı üçün geniş imkanlar yaratdı. O, öz nüfuzundan və tutduğu vəzifələrin gücündən istifadə edərək ölkəmizə bir çox mühüm ittifaq layihələrini yönləndirdi.

Həmin dövrdə Heydər Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli addımları və fitri təşkilatçılıq qabiliyyəti onun nüfuzunu daha da artırırdı. Lakin bununla yanaşı, ona qarşı paxıllıq və qısqanclıq hissləri də güclənirdi. Xüsusilə ermənipərəst Mixail Qorbaçov Heydər Əliyevi siyasi arenadan uzaqlaşdırmağa cəhd göstərirdi. Bu məqsədlə ona qarşı çirkin kampaniyalar başladıldı.

Heydər Əliyev ölkə rəhbərliyi ilə ciddi fikir ayrılığı səbəbindən vəzifəsindən istefa verdikdən sonra erməni şovinistləri Azərbaycana qarşı ərazi iddiaları irəli sürdülər, Qarabağda separatizm baş qaldırdı. 1990-cı ilin yanvarında sovet ordusu Bakıda qanlı qırğın törətdi. O dövrdə də, bu gün də çoxları əmindir ki, əgər həmin vaxt Heydər Əliyev rəhbərlikdə qalsaydı, nə Qarabağ problemi, nə Qara Yanvar faciəsi, nə də digər hadisələr yaşanardı.

Ulu Öndərin hakimiyyətə qayıdışı: Azərbaycanın taleyinin dönüş nöqtəsi

1990-cı illərin əvvəlləri Azərbaycan üçün ağır və çətin sınaq dövrü idi. Bu vəziyyətə biganə qala bilməyən Heydər Əliyev Moskvadan Vətənə qayıtmaq qərarı verdi. Lakin o dövrün iqtidarı onun Bakıya gəlməsinə mane olduğu üçün Ulu Öndər doğma Naxçıvana üz tutdu.

Ümummilli Lider Naxçıvanı erməni təcavüzündən və siyasi təlatümlərdən qorumağı bacardı. O, üçrəngli Bayrağımızı ilk dəfə Naxçıvanda ucaltdı və Yeni Azərbaycan Partiyasının əsasını qoydu. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul etdiyi cəsarətli və strateji qərarlar Azərbaycanın gələcək taleyində həlledici rol oynadı.

Müstəqilliyin bərpa olunduğu ilk illərdə Azərbaycan ciddi bəlalarla - xaos, anarxiya, vətəndaş müharibəsi təhlükəsi və parçalanma riski ilə üz-üzə qalmışdı. 1993-cü ilin yayında vəziyyət daha da kritikləşdi, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə qarşılaşdı. Belə bir zamanda xalqın çağırışı ilə Ulu Öndər Heydər Əliyev iyunun 9-da Naxçıvandan Bakıya gələrək böyük bir məsuliyyəti öz üzərinə götürdü və xilaskarlıq missiyasına başladı.

Ulu Öndər qısa müddətdə ölkəni qorxunc təhlükələrdən xilas etdi və müasir milli dövlət quruculuğuna başladı. Onun rəhbərliyi altında milli maraqlara əsaslanan xarici siyasət formalaşdırıldı və ölkədə ictimai-siyasi sabitlik yaradıldı ki, bu da quruculuq işlərinə yol açdı.

Eyni zamanda, nizami ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. Heydər Əliyev tez-tez cəbhə bölgələrinə gedir, ön xətdə əsgərlərlə görüşərək onların mənəvi ruhunu yüksəldirdi. Bunun nəticəsində düşmənin yeni işğal planları uğursuzluğa düçar oldu.

Dünyaşöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin müdrik xarici siyasəti və şəxsi nüfuzu sayəsində müstəqil Azərbaycan beynəlxalq arenada özünə inamla yer tutmağa başladı. Dünyanın hər yerində ona hörmətlə yanaşılır və fikirlərinə böyük önəm verirdilər.

“Əsrin müqaviləsi” - dirçəliş dövrünün başlanğıcı

1994-cü ildə Azərbaycan beynəlxalq sərmayəçilər üçün riskli bir ölkə kimi qiymətləndirilirdi. Bir çox xarici şirkətlər Azərbaycan neftinə sərmayə qoymaq məsələsində tərəddüd içində idi. Ümummilli Lider Heydər Əliyev “Amoko”, “vp”, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “İtoçu” kimi nəhəng şirkətləri inandıra bildi ki, Azərbaycana qoyulan sərmayə hədər getməyəcək. Beləliklə, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair sonradan “Əsrin müqaviləsi” adı almış neft kontraktları imzalandı. Bu, tarixi hadisə Azərbaycanın inkişafında dönüş nöqtəsi oldu. “Əsrin müqaviləsi” ölkəmizin dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan neft ölkəsi olaraq tanınmağa başladı. Müqavilə digər sahələrdə çalışan şirkətlərin də ölkəmizə marağını artırdı.

Sonra Azərbaycan neftinin dünya bazarlarına çıxmasında müstəsna rolu olan Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verildi. Onun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəməri ərsəyə gəldi. Bakı-Tbilisi-Qars dəmiryolu, Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr reallaşdırıldı. Bu transmilli enerji və nəqliyyat layihələri ölkəmizi beynəlxalq aləmdə mühüm aktora çevirdi.

Azərbaycanın möhtəşəm uğurları Ulu Öndərin əbədi ideyalarından qaynaqlanır

Heydər Əliyev fiziki olaraq aramızda olmasa da, onun parlaq ideyaları bu gün də Azərbaycanın inkişaf yolunu işıqlandırır. Prezident İlham Əliyev qlobal reallıqları ustalıqla nəzərə alaraq, Ulu Öndərin yolunu qətiyyətlə davam etdirir və ölkəmizi yeni zirvələrə daşıyır. Qlobal siyasətin mürəkkəb məqamlarına dərindən bələd olan, milli maraqları qətiyyətlə qoruyan Prezident İlham Əliyev titanik fəaliyyəti ilə Azərbaycanı güclü dövlətə və beynəlxalq arenada nüfuzlu söz sahibinə çevirib.

Xalq öz Liderinə inanır və onu dəstəkləyir. Bu inam və dəstəyin, həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində qazanılan möhtəşəm Zəfərdir. Azərbaycan Prezidenti quruculuq işində də sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. İndiyədək yüzlərlə ailə doğma yurda qayıdıb, azad olunmuş ərazilərə yaxın üç ildə 140 min insanın köçürülməsi nəzərdə tutulur.

Heç şübhəsiz, bütün bu və digər nailiyyətlərin təməlində Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik strategiyası və milli dövlətçilik konsepsiyası dayanır.

AZƏRTAC