İlham Əliyev amerikalıları 907-ci düzəlişi ləğv etməyə çağırdı
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ-dan olan nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan dövlət başçısının rəsmi internet saytı məlumat yayıb.
Nümayəndə heyətinə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan olan respublikaçı senator Markveyn Mallin, həmçinin Nümayəndələr Palatasının üzvləri Ceyson Smit, Ronni Cekson və Cimmi Panett daxil olub.
2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmaların tarixi əhəmiyyətini qeyd edən Azərbaycan dövlətinin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayıb.
Azərbaycan Prezidenti bildirib ki, Bakı bundan sonra da regional sülh gündəmini irəli aparmaq üçün səylərini davam etdirəcək. O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında artıq ticarət əlaqələri qurulub və TRIPP layihəsinin regional nəqliyyat əlaqələri baxımından yeni imkanlar yaradacağına ümid etdiyini bildirib.
Dövlət başçısı qeyd edib ki, "Azadlıq Aktına" edilən "ədalətsiz 907-ci düzəliş ölkələr arasındakı münasibətlərin bugünkü inkişafının mahiyyətinə uyğun gəlmir". Dövlət başçısı ABŞ Prezidenti Donald Trampın bu düzəlişin icrasını dayandırmasını yüksək qiymətləndirib və Konqres üzvlərinin onu tam ləğv etmək üçün səylərini davam etdirəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi "Azadlıq Aktı" adlı qanun qəbul edib ki, bu qanun keçmiş sovet respublikalarına dövlət yardımı göstərilməsini tənzimləyir. Erməni diasporunun təzyiqi altında qəbul edilmiş bu qanunun 907-ci düzəlişinə əsasən, ABŞ hökumətinə Azərbaycanın rəsmi strukturlarına yardım göstərmək qadağan edilib.
Almaz Həsənli
























































































