“Utanası bir şey yoxdur, eləsi var ki, üç dəfə mənzil alıb“

“Utanası bir şey yoxdur, eləsi var ki, üç dəfə mənzil alıb“

16 Dekabr 2021 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

“Aktyorlara qarşı ögey münasibət var, bundan o tərəfi yoxdur...”

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri aktyor Allahverdi Yolçuyev səhhəti pisləşən həmkarı Novruz Qartalla bağlı danışarkən Yenisabah.az-a deyib.

O, çətin durumda olan sənətçilərə dövlət dəstəyinin vacibliyini dilə gətirib:

“Novruz Qartalla birlikdə işləmişəm, əlim əsdiyinə görə yanına gedə bilmirəm, belə vəziyyətlərdə həyəcanlanıram, amma xanımı ilə tez-tez danışıram, halını soruşuram.

Bilirsiniz, heç aktyor yox, lap belə süpürgəçi, qəssab, bərbər olum, fərqi yoxdur, bu ölkənin vətəndaşıyam. Hər bir ölkə də çətin vəziyyətlə üzləşirsə, ona kömək etməyi vacibdir.

Sənət adamları özləri üçün yaşamırlar, oturub xırdalasaq görərik ki, tək-tük sənət adamının ailə həyatı uğurlu alınıb, övladları ona dayaq olub. Novruz Qartalın 2 oğlu var, biri kirayədə yaşayır, o biri xəstədir.

Aktyorlar ömür boyu əziyyət çəkirlər. Biz Hollivud aktyorlarına həqiqi mənada həsəd aparırıq, çünki çünki milyonlarala qonorar alırlar. Azərbaycanda isə maaş bir yana, heç qonorarı düz-əməlli vermirlər. Belə çıxır ki, ölkəyə incəsənət ümumiyyətlə, lazım deyil?!”

Aktyor Mədəniyyət Nazirliyinin sənət adamlarına laqeyd yanaşmasından şikayətçidir:

“Mən 42 ilin aktyoruyam, nə soruşan, nə maraqlanan var ki, niyə işləmirsən, işləmirsənsə, bəs necə dolanırsan? Müavinət, təqaüd, əlilliyə görə yardım almırsan? Dərmanlara pulu hardan tapırsan?

Parkinson ağır xəstəlikdir. Dost-tanış, qohum-əqrəba təbii ki, maraqlanır, amma vacib qurumlar qətiyyən maraqlanmır. Söhbət Mədəniyyət Nazirliyindən gedir. Onlar imkanları daxilində sənətçilərə kömək etməlidirlər, burada çəkinəsi, utanası bir şey yoxdur.

Mən mənəvi dünyamı zənginləşdirmək üçün bu sənətə gəlmişəm, bundan peşman da deyiləm. Bilirəm ki, bu gün yıxılıb ölsəm, başlayacaq: “Kaş Allahverdi Yolçuyevə fəxri ad verəydilər” və s. və i.a. Bu hamı üçün deyilən ümumi ifadələrdir, illərdir dünyadan köçən hər bir sənətçinin arxasınca təkrarlanır.

İncəsənət ölkənin prestijidir, ölkəni tanıdan onun bəstəkarı, sənətçisi, aktyorudur. Ona görə də, zəhmətkeş sənətçi əməyinin bəhrəsini görəndə sevinir. Məsələn, o gün Novruz Qartala Qənirə Paşayeva baş çəkdi.

Novruz da günah var, vaxtında işin üstünə düşməyib ki, ev alsın. 1 və ya 2 otaq nədir ki, özünü sənətdə çürütmüş adam ala bilməsin?! Eləsi var ki, üç dəfə ev alıb, yazıq aktyorlara ev verən yoxdur! Nə olsun ki, fəxri ad almayıb, yaxud səhnədə kiçik rollar oynayıb. İnsanın sənətini bununla ölçmürlər”.