“Həmin müğənni Suqovuşana gəlmədi, yoldan qayıtdı, bunu əsgərlər də bildi, ayıb olsun ona”

“Həmin müğənni Suqovuşana gəlmədi, yoldan qayıtdı, bunu əsgərlər də bildi, ayıb olsun ona”

27 İyun 2022 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

“26 iyun Milli Ordu Günü ilə bağlı olaraq mən, Cabir Abdullayev, Firuz Səxavət, Ağalar Bayramov gənc muğam ifaçıları Fərid Əmiraslanov, Araz Məmmədovla Suqovuşanda yerləşən N saylı hərbi hissəyə səfər etdik. Güclü yağış yağdı, iki saat gözlədik ki yağış dayansın, amma dayanmadı. Qərara gəldilər ki, Ballıqayada təşkil etsinlər konserti. Dedilər ki, məşhur bir müğənni də gələcək. Həmin müğənniyə demişdilər ki, konsert Suqovuşanda olacaq. Zəng edib dedilər ki, konsert Ballıqaya da olacaq. Həmin müğənni dedi ki, Suqovuşandırsa gəlirəm, əgər ora deyilsə mən gəlmirəm. Gəlmədi, yoldan qayıtdı. Bu hadisəni əsgərlər də bildi, ona ar olsun. Həmin müğənninin adını çəkmək istəmirəm, bilənlər bilir. Amma biz getdik, canlı ifalarımızı etdik, hətta əsgərlərlə birgə oxuduq. Siz kaş əsgərlərimizdəki əhval-ruhiyyəni görərdiniz”.

Oxuməni.az xəbər verir ki, bunu əməkdar artist Sevinc Sarıyeva Moderator.az-a açıqlamasında deyib. O daha sonra müğənni Şəbnəm Tovuzlunun kamaz şoferləri ilə bağlı dediyi fikirlərə də münasibət bildirib.

“Mən Şəbnəmi həqiqətən də çox istəyirəm, çox gözəl yol yoldaşıdır. Görünür bir balaca səhvə yola verib, fikirləşmədən danışıb. Heç kimin ixtiyarı yoxdur nəinki kamaz şoferləri haqda xoşagəlməz sözlər danışmağa, ümumiyyətlə insanlar haqda. Kamaz şoferləri də bu millətin, bu xalqın zəhmətkeş övladıdır. Mən özüm musiqi məktəbinə onların köməkliyi ilə o qədər gedib gəlmişəm ki. İndinin özündə də ucqar kəndlərə bəzən konsertə elə kamaz şoferlərinin köməyi ilə gedirik. Gecə-gündüz maşın sürüb, əziyyətlə pul qazanırlar. Mən bu mövzuda aparıcılarda da günah görürəm. Müğənniyə yerli-yersiz suallar ünvanlayırlar. Aparıcıya nə aidiyyatı var ki, Şəbnəmin maşınının nömrəsi nədir? Neçəyədir? Dəvət etmisənsə sənətindən danış. Bu mövzuları gündəmə gətirib, sənəti ucuzlaşdırırlar. Olmaz!” deyə xanəndə bildirib.