“Çox olub ki, xəyanət edib gediblər, amma yenidən qayıda bilməyiblər...”

“Çox olub ki, xəyanət edib gediblər, amma yenidən qayıda bilməyiblər...”

12 Yanvar 2023 19:23
Bəyəndim (0) Bəyənmədim (0)

“Tom Kruzla bir filmdə epizod da olsa çəkilərəm, ondan doğmalıq hiss etmişəm”

“İndikilərdə səbr, hövsələ yoxdur. Elə hey istəyirlər ki, hər şeyi birdən əldə etsinlər. Heç bir iş əziyyətsiz ərsəyə gəlmir. Əziyyətsiz gələnləri də xalq sevmir. Mən istəyirəm ki, bu sənətdə olan insanlar həqiqətən də xalqın sevimlisi olsunlar. Ən zəhmət çəkilən yer teatrdır. Ona bir xəyanət etdinsə özü səni atacaq. Çox olub ki, gediblər, yenidən qayıtmaq istəyiblər, alınmayıb. Öz sevdiyi insanı lap 3 dəfə də qaytarır. İstəməyəndə qaytarmır”

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova deyib.

Xalq artisti teatrlarda yaş senzindən də danışıb

“Aktyor ola bilsin ki, teatrda dünyasını dəyişsin. Andrey Mironov ən sevdiyim aktyor olub. Səhnəyə çıxıb, insanlar onu alqışlayıb və pərdə bağlanan kimi həyatını tapşırıb. Ağasadıq Gəraybəyli oynadığım “Natəvan” tamaşasında 90 yaşında səhnəyə çıxıb. Mən teatra gələndə orada ancaq qocaman aktyorlar idi. Mən belə şeyin çox pis əleyhinəyəm. Aktyor son nəfəsinə qədər səhnədə olmalıdır. O insanların gözü qabağında yaşlanmalıdır” deyə sənətkar bildirib.

Firəngiz Mütəllimova görkəmli aktyor Həsən Turabovun ona etdiyi yaxşılıqlardan da danışıb.

“O vaxt qeydiyyatım Şuşa şəhərinə idi. Qeydiyyatı Bakıya olan tələbələri rayona göndərirdilər. Rəhmətlik Tofiq Kazımov diplom tamaşamıza baxıb, bizi teatra seçmişdi. Mən teatrda qalmalı idim. Bir gün çamadanını yığıb, rəhmətlik Həsən Turabova dedim ki, mən getməliyəm. Çünki Bakıya qeydiyyatım yox idi. Dedi ki, bir şey fikirləşərəm. Yalandan dedi ki, Firəngizi Türkmənistana filmə çəkməyə çağırıblar, ölkədən çıxa bilmir. Ev yiyəsinin xəbəri olmadan məni orada yaşamamaq şərtilə bir evə qeydiyyata saldılar. İki ayın içində mənə ev verdirdi. Halbuki o evdən ötrü mən çox əziyyətlər çəkirdim. Həsən Turabovun çox istədiyi aktyor və aktrisalar var idi. O sənətkarlardan biri də mən idim. Hətta o “Qaçaq Nəbi” filmini çəkəndə məni Hərəc roluna dəvət etmişdi. Məni, Fəxrəddin Manafovu və s. Atın üstündə əsirdim. Deyirdilər ki, belə Həcər olar?! Halbuki Həsən müəllim deyirdi ki, lap yaxşıdır. Ona heç kim bir söz deyə bilməzdi. Qaçaq Nəbi obrazını Fəxrəddin, Həcəri mən oynayacaqdım. Sonra elə oldu ki, rəhmətlik Mömünat xanımla özü çəkildi. Mən də tam başqa rolda çəkildim. Amma o filmdə baş rolda oynayan sənətçilərlə eyni qonorarı aldım” deyə sənətkar bildirib.

“Hansı dünya ulduzu ilə tərəf müqabili olmaq istərdiniz?” sualına isə aktrisa bildirib.

“Tom Kruzla tərəf müqabili olmaq istərdim. Gənc yaşlarımdan onu çox sevmişəm, bu mənim çoxdankı arzumdur. Lap bir epizod da olsa çəkilərəm. Demərəm ki, kiçik roldur, istəmirəm. Ondan həmişə bir doğmalıq hiss etmişəm. Nə vaxtsa bu arzum reallaşsa təbii ki, sevinərəm” deyə aktrisa bildirib.