“Bu söhbət Zaur Baxşəliyevin verilişində açıldı, o deməsəydi, mən büruzə verməzdim...”

“Bu söhbət Zaur Baxşəliyevin verilişində açıldı, o deməsəydi, mən büruzə verməzdim...”

3 Fevral 2023 18:39
Bəyəndim (0) Bəyənmədim (0)

“Bacım Gülyaz “Səs Azərbaycan-doğma nəğmələr” yarışmasının jüri heyətindədir. Bəzən izləyirəm, tamaşaçı kimi fikrimi bildirirəm ki, niyə arxaya dönüb, yaxşı oxuyan gəncləri seçmirsiniz? O da mənə deyir ki, sən bilmədiyin çox şeylər var. Təbii ki, bütün yarışmalar kimi, oranın da öz qanunları var. Mənim üçün çox xoşdur ki, Gülyaz xanım orada iştirak edir. Hətta həmin layihəyə gedən günə qədər mən bilməmişəm ki, bacım orada olacaq. Bir də gördüm ki, Gülyaz verilişdədir. Tamaşaçı bilsin ki, bunların hamısı məxfi saxlanılır”

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Gülyanaq Məmmədova deyib.

“Qalmaqal bu gün də var, amma artıq keyfiyyətini itirib. Mən nə o vaxt, nə də ki, bu gün qalmaqalla gündəmə gəlməmişəm, heç fikrim də olmayıb. Gənc nəsillər var ki, qalmaqalla gündəmdə qalmaq istəyirlər. Bu da onların öz işidir. Düşünürəm ki, ortada sənət, ədəb, ərkan, mədəniyyət, şəxsiyyət formalaşması yoxdursa, qalmaqalla gələn, elə tez də çıxıb gedəcək. Bizim xalqımız yaxşını pisdən ayırd etməyi bacarır. Özünə hörmət qoyan insanlar onsuz da qalmaqalı izləmir” deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, ev çəkilişlərinə həyat yoldaşı icazə vermir.

“Əvvəllər 1-2 dəfə rayondakı və Bakıdakı evimizdə çəkilişlər olub. Amma indi yoldaşım ev çəkilişlərinə icazə vermir. Mən sənət adamıyam. Xalq üçün mənim sənətim, səsim, yeniliklərim maraqlı olmalıdır. Sadə bir evim var, düşünmürəm ki, onu göstərmək hamı üçün maraqlıdır. Kənardan bu bəzən yaxşı görünmür. Bu mövzu Zaur Baxşəliyevin verilişində açıldı. Bunu efir vasitəsilə o deməsəydi heç mən biruzə verməzdim. Belə çıxmasın ki, mən tək ona yox demişəm. Zaurdan əvvəl də bir neçə aparıcımız olub ki, onlara da evdə çəkiliş etməyə icazə verməmişəm. Həyat yoldaşım evdə çəkiliş istəmirsə, mən ona qarşı çıxa bilmərəm. Nə qədər oxusaq da, tanınsaq da, bizim ailədə birinci sözü deyən həyat yoldaşımdır. Onun sözü mənim üçün qanundur. Mən də onun sözləri ilə hər zaman razılaşmışam” deyə sənətkar bildirib.

“İki dövlətin xalq artisti fəxri adını daşımaq necə bir hissdir?” sualına isə sənətkar belə cavab verib.

“Bu çox gözəl bir hissdir. Mənim üçün şərəfdir. Çox xoşbəxtəm, şanslıyam ki, Özbəkistan kimi 35 milyonluq dövlətin xalq artisti fəxri adına layiq görülmüşəm. Hər iki dövlət başçısına xalq artisti fəxri adına layiq görüldüyüm üçün təşəkkürümü bildirirəm. Xalqın artisti və xalq artisti olmaq çox şərəflidir. Keçən il oktyabr-noyabr aylarında Özbəkistanda konsertim baş tutdu. Düşünürəm ki, bu il də yeni bir konsert proqramı ilə özbək xalqının qarşısına çıxacam” deyə sənətkar bildirib.