Naibə Allahverdiyeva: “Xarici aktyorların 85-90 il yaşamalarına paxıllıq edirəm”

Naibə Allahverdiyeva: “Xarici aktyorların 85-90 il yaşamalarına paxıllıq edirəm”

25 Fevral 2023 09:48
Bəyəndim (1) Bəyənmədim (0)

“Çox istərdim ki, aktyorlar dəfn olunan zaman teatrdan son mənzilə yola salınsınlar. Əslində həmişə belə olub. Amma sonradan nəyəsə görə bu ənənə aradan götürüldü”.

Oxuməni.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Ramiz Novruzun dünyasını dəyişməsindən, aktyorun dəfnində yaranan qalmaqaldan danışarkən deyib:

“Yəqin ki, bu qaydanı yenidən düzəldərlər. Sovet dövründə də, ondan sonrakı müddətdə də belə olub. Təki bizim aktyorlarımızın canı sağ olsun, uzunömürlü olsunlar. Mən dünyasını dəyişən aktyorların işlədiyi teatrlardan yola salınmasını həm də ona görə istəyirəm ki, onu sevən insanlar mərhumla vida mərasiminə gələ bilsinlər. Bir də görürsünüz ki, aktyor dünyasını dəyişib. Onun pərəstişkarları aktyorun evini, ünvanını tanımırlar. Aktyorlar insanların həmişə sevimliləri olublar.

Ümumiyyətlə, bildirim ki, sənətkarlarımız xəstələnəndə dövlət tərəfindən onlara lazımınca qayğı göstərilir. Mərhum Xalq artistimiz Ramiz Novruz da xəstələnən zaman Heydər Əliyev Fondu bunu diqqətdə saxladı. Dünyasını dəyişən elə sənətkarlarımız var ki, dövlət onların dəfn mərasimini öz üzərinə götürür”.

Sevilən aktrisa Naibə Allahverdiyeva xarici aktyorların uzunömürlülüyünə paxıllıq etdiyini açıqlayıb:

“Xarici aktyorlara baxıram və paxıllıq edirəm ki, 85-90 il yaşayırlar. Rusiyalı aktyorlar uzun ömür yaşayırlar. Hər dəfə bir aktyorumuz dünyasını dəyişəndə elə bilirəm ki, incəsənətimizdən bir yarpaq düşür. Səhnə bizim üçün məbədgahdır, evimizdir. Bəlkə də səhnəni doğma evimizdən də artıq bilirik. Səhnə olmasa, biz yaşaya bilmərik”.

Qeyd edək ki, iki gün əvvəl dünyasını dəyişən Xalq artisti Ramiz Novruzun dəfn mərasimi müzakirələrə səbəb olub. Vida mərasimində həmkarı, Xalq artisti Əli Nur çıxış edərək Mədəniyyət Nazirliyinin aktyora laqeyd münasibət bəsləməsini qeyd edib. O, dəfn mərasiminin R.Novruzun evində deyil, Azərbaycan Dövlət Dram Teatrında keçirilməli olduğunu deyib. Daha sonra o, dediklərini təkzib edib. Bildirib ki, nazirliyin dörd əməkdaşı vida və dəfn mərasimində iştirak edib. Azərbaycan Mədəniyyət Nazirliyi böyük diqqət və qayğı ilə Azərbaycan incəsənətinə kömək edir. Buna baxmayaraq, sözügedən məsələ ayrılıqda sənət adamlarının dəfninə olan biganəliyi gündəmə gətirib.