"Müğənni xanımı kimsə öz oğluna gəlin etməzdi, düşünürdülər ki, bir xanım əgər səhnədədirsə..."

"Müğənni xanımı kimsə öz oğluna gəlin etməzdi, düşünürdülər ki, bir xanım əgər səhnədədirsə..."

4 İyun 2023 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

“Hər zaman keçmişimə qürurla boylanıb baxmışam. Yolum aydın olub, sənətimdə heç vaxt qaranlıq nəsə olmayıb. Mən o yolu çox əziyyətlərlə keçmişəm. Dövlətimə, vətənimə, xalqıma doğru, düzgün xidmət etmişəm. Övladlarıma ana, həyat yoldaşıma xanım olmuşam. Övladlarımla hər zaman dost olmuşam. 25 il olar ki, pedaqoji fəaliyyətlə məşğul olub, tələbələr yetişdirmişəm. Onlara da valideyn qayğısı ilə yanaşıram”.

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Mələkxanım Əyyubova deyib.

“Çox güclü xanımam. Bu illər ərzində əgər bu cür sənətə gəlmişəmsə, gəldiyim yerdə dayanıb durmuşamsa, şükürlər olsun 4 tərbiyəli övladı cəmiyyət üçün yetişdirə bilmişəmsə, bunun özü elə böyük bir güc deməkdir. Sənətdə də özümü güclü hesab edirəm. Mənim sənətə gəldiyim illər elə bir çətin dövr idi ki, heç kim nəinki qızının, oğlunun da bu sənətdə olmasına razılıq vermirdi. Səhnəmiz həmişə hörmətli, izzətli olub. Amma çox çətin idi, hər kəs bu sənətdə baş çıxara bilməzdi. Müğənni xanımı kimsə alıb, öz oğluna gəlin etməzdi. Düşünürdülər ki, bir xanım əgər səhnədədirsə, o ev üzü görməyəcək, bütün günü qastrol səfərlərində, xarici ölkələrdə olacaq, o nə vaxt evinə xanımlıq etməyə vaxt tapacaq, balalarına analıq edəcək?! Sənətin çətinlikləri budur. Mən səhnəyə gələndə Rübabə Muradova, Zeynəb Xanlarova, Şövkət Ələkbərova kimi xanımlar səhnədə idi. Onların yanında sənətə gəlmək, oxumaq elə bilirsiniz ki, asandır?” deyə xanəndə bildirib.

Xalq artisti bildirib ki, hər zaman bədbin insanlardan uzaq gəzir.

“Bədbin insanları sevmirəm. Çünki çalışırıq ki, ruhdan düşməyək. Dostlarımı, sənət yoldaşlarımı, qohumlarımı görəndə çalışıram ki, onlara enerji verim. Bu mənim çox xoşuma gəlir. Bir daha Allahıma borcluyam ki, yaxşı ki, o bu sənəti mənə verib. Mən xalqa, insanlara lazımam, efirlərdə məni axtarırlar. İstəsəm də, istəməsəm də ayaqda qalmalıyam” deyə xanəndə bildirib.

Mələkxanım Əyyubova gözəllik sirlərindən də danışıb.

“Qocaqlıdan danışmağa haqqım yoxdur. Nə yaşım var ki? Gözəl qalmağımın səbəbi insanların mənə olan sevgisidir. Bu qarşılıqlıdır. Mən də hər kəsə sevgi bəxş edirəm. İnsanın qəlbində, içində paxıllıq hissi olmayanda, daima xeyirxahlıq, mərhəmət, sevgi dolu olanda o nə qədər yaşa dolsa da, içində pislik yoxdursa, xarici siması da gözəl qalacaq. Yox əgər qəlbində kin varsa, sən yaşa dolduqca bu sənin üzündə də əks olunacaq” deyə sənətkar bildirib.

Xalq artisti vaxtilə övladlarını bu sənətdən uzaqlaşdırdığını bildirib.

“Övladlarım hələ balaca idilər, uşaqlıqdan çalışdım ki, bu sənətdə olmasınlar. Sevindim ki, nə yaxşı ki, səsləri yoxdur. Nəzrin uşaqlıqda bir az oxudu, oğlum da musiqi ilə məşğul olmaq istəyirdi, tez yayındırdım. Bu sənət çox çətindir. Dedim ki, uşaqlarım qoy başqa yolla getsinlər. Allah təala onları da elə yaratdı ki, öz sahələrində tanındılar. Onlara hər zaman istiqamət verirəm. Övladlarım heç vaxt adımdan istifadə etməyiblər. Bəzən elə bir yerdə olub ki, müğənnilərdən söz düşəndə heç vaxt deməyiblər ki, o bizim anamızdır. Gəlib evdə danışanda demişəm ki, niyə deməmisən? Deyiblər ki, “özləri qoy maraqlanıb bilsinlər, biz niyə deyək ki?”. Hər bir valideynə övlad xoşbəxtliyi arzu edirəm” deyə Mələkxanım Əyyubova deyib.

Xalq artisti bayağı mahnılardan da danışıb.

“Yeni yazılan mahnılar xarici musiqilərə bənzəyir. Daha çox ərəb musiqisi üstündə yazılır. Olmaz belə. Bizim mahnılarımız muğamlarımızdan yaranıb. Hətta dahi bəstəkarlarımız da muğamlarımızdan bəhrələnib, mahnılar yazıblar. Bu cür mahnıları efirlərdə səsləndirmək olmaz. Bizim öz milli musiqimiz, mahnılarımız var, efirdə onlar səsləndirilməlidir” deyə sənətkar bildirib.