“Oqtayla aramızdakı sevgili şayələrinə son qoymaq üçün bu sözü dedim”

“Oqtayla aramızdakı sevgili şayələrinə son qoymaq üçün bu sözü dedim”

30 Sentyabr 2023 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

“İnsanlar nəyisə görüb onun fərqinə varmadan münasibət bildirirlər. Hamı ekspert olub. Bir sözün ucundan tutub, ucuzluğa gedirlər. 5 il bundan əvvəl “kişilərin gücü zəifləyib, qadınların enerjisi artıb” başlıqlı bir müsahibə vermişdim. Bu müsahibəni facebookda götürüb yenidən paylaşırlar. Camaat da ağzına gələni yazır. Onlar sözün əsl mənasını anlamırlar. Başlığa baxıb münasibət bildirirlər. Verilişlərdən birində mənə sual verdilər ki, deyirlər Oqtayla siz bir yerdəsiz?! Mən də bütün şayələrə son qoymaq üçün bildirdim ki, meşədə tək qalaram, ağacla yaşayaram, amma Oqtayla yox. Çünki bizim əlaqəmiz, münasibətimiz təkcə sənətlə bağlıdır. Bizim aramızda başqa söhbət yoxdur, ola da bilməz. Biz nəinki özümüz, ailələrimizdə dostluq edirlər. Bu müsahibəmi sosial şəbəkələrdə paylaşıb mənə ağızlarına gələni yazırlar. Yaxşı olardı ki, verilişə baxıb sonra rəy yazsınlar”

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a müğənni Samirə Yusifqızı deyib. O bildirib ki, əksəriyyət ona paxıllıq edir.

“Məni həzm edə bilmirlər. Yeyə bilmirlər, boğazlarından keçmirəm. Allah mənə elə istedad verib ki, 100 min oxuyan ola bilər. Amma o 100 min gəlib mənimlə birlikdə meyxana deyə bilməz. Mən isə onlarla oxuya bilərəm. Ona görə də hər dediyim söz tüstülüdür. Mən ali savadlı müğənniyəm, bütün dünyanı gəzmişəm.

Azərbaycanda görün kimləri görə-görə gəlmişəm. Mən Məmmədbağır Bağırzadə ilə “Kəsmə şikəstə” oxumuşam. Böyük sənətkarlarla birlikdə çörək kəsmişəm. Mən kimləri görməmişəm?! Xalq artisti Səfurə İbrahimova ilə dayıqızı, bibiqızıyam. Onlar günortadan sonra gün görənlərdir. Mənim ayağımın gördüklərini onların başı görməyib. Heç görə də bilməyəcəklər. Maşın yox, istəyirlər təyyarə sürsünlər. Üstümüzü unlu görüb adımızı dəyirmançı çağırmaqla deyil. İnsanın kökü, nəsli, zatı var. Biz kötüyük, onlar çör-çöpdürlər” deyə müğənni bildirib.

Samirə Yusifqızı toylara baha qiymətə gedən müğənnilərdən də danışıb.

“İnsanın gərək ehtiyacı olmaya, otura evdə və qiymətini də qaldırıb qoya ceyran belinə. Belə olan halda gözləyirlər ki, nə vaxt toy sahibi onları övladının toyuna dəvət edəcək?! Çünki onların nə borcları var, nə xərcləri, evdə ağzını açıb çörək gözləyən külfətləri yoxdur. Onların başqa yerdən qazancları var. Ya kimsə onlara sponsorluq edir, pul buraxır, ya da başqa biznesləri var. Bir milyard pulum da olsa həmin müğənniləri toya gətirmərəm. Niyə? Çünki mən o pulu zəhmətlə, əziyyətlə qazanıram. Çöldən, ağacdan yığmıram ki. Onsuz da gəlib fanaqram oxuyurlar da. Diski qoyub oxutduraram da. Nədir-nədir kimsə gəlib onlarla şəkil çəkdirəcək?! Nəyimə lazımdır o mənim?! Onlar harınlamış adamlardır, havayı pullardır. Bir kasıba, bir yetimə əl tutmazlar, desən yeddi yaylıqla ağlayarlar. Amma həmin müğənnilərə verməyə pulları var. Restoranlarda axşamlar adam əlindən tərpənmək olmur. Öncədən rezerv edib gedirlər” deyə sənətçi bildirib.