Uğurların Müəllifi: Bir Dərs İlində Dörd Böyük Nailiyyət

Uğurların Müəllifi: Bir Dərs İlində Dörd Böyük Nailiyyət

11 İyun 13:34
Bəyəndim (0) Bəyənmədim (0)


Hər bir müəllimin ömür kitabında zəhmətlə yazılmış səhifələr var. Elə səhifələr ki, orada gecəli-gündüzlü əmək, tükənməz axtarış, şagird sevgisi və peşəyə sonsuz bağlılıq öz əksini tapır. Bəzən bir müəllimin bir illik fəaliyyəti bütöv bir uğur salnaməsinə çevrilir. 2025–2026-cı tədris ili də Şəki rayonunun tanınmış riyaziyyat müəllimi Süleymanova Ümmü İsmayıl qızı üçün məhz belə bir il oldu. Bir dərs ilində əldə etdiyi dörd böyük nailiyyət onun peşəkarlığının, yaradıcılıq potensialının və təhsilə olan sədaqətinin bariz nümunəsinə çevrildi.


Ümmü müəllim üçün yeni tədris ili uğurla başladı. Hələ dərs ilinin ilk günlərində onun növbəti nailiyyəti ictimaiyyətə elan olundu. Belə ki, Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsinin qaliblərinin sırasına daxil olan Ümmü müəllimin “Şəki müəllimləri ilə beynəlxalq təcrübəyə addım” adlı layihəsi 15 sentyabr 2025-ci il tarixində qalib elan edildi. Layihə beynəlxalq əməkdaşlıq xarakteri daşımaqla Azərbaycan və qardaş Türkiyə müəllimləri arasında təcrübə mübadiləsini, peşəkar əlaqələrin genişləndirilməsini və müasir təhsil yanaşmalarının paylaşılmasını nəzərdə tutur. Bu uğur həm müəllimin şəxsi nailiyyəti, həm də region təhsilinin inkişafına mühüm töhfə kimi dəyərləndirilə bilər.


Ümmü müəllimin növbəti uğuru 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən yol” adlı inşa-yazı müsabiqəsində qazandığı birinci yer oldu. Şəki rayonunun müəllimləri arasında keçirilən bu müsabiqədə onun əldə etdiyi nəticə xüsusi diqqətə layiqdir. Belə ki, riyaziyyat müəllimi olmasına baxmayaraq, dil və ədəbiyyat müəllimləri arasında birinci yerə layiq görülməsi onun geniş dünyagörüşünün, zəngin yaradıcılıq potensialının və yüksək intellektual səviyyəsinin göstəricisi idi.


İlin daha bir əlamətdar hadisəsi ADA Universitetinin təşkil etdiyi müsabiqə ilə bağlı oldu. Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan ADA Universitetinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müəllim və şagirdləri arasında keçirdiyi müsabiqədə Ümmü müəllimin rəhbərlik etdiyi şagirdlər – İbrahimli Ömər və Bağbanlı Niyazi yüksək nəticə göstərərək qaliblər sırasında yer aldılar. Onlar sertifikat və mükafatlarla təltif olunmaqla yanaşı, növbəti mərhələdə ADA Universitetində keçiriləcək tədbirlərə dəvət almaq hüququ qazandılar. Bu nailiyyət müəllim və şagird əməkdaşlığının uğurlu nəticəsi olmaqla yanaşı, Ümmü müəllimin şagirdlərin potensialını üzə çıxarmaq bacarığını da bir daha nümayiş etdirdi.


Ümmü müəllimin uğur salnaməsinə daha bir dəyərli səhifə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş şeir müsabiqəsində qazandığı üçüncü yer oldu. Şəki rayonu üzrə Təhsil sektoru və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkil etdiyi müsabiqədə onun poetik düşüncəsi və bədii yaradıcılığı yüksək qiymətləndirildi. Bu nəticə bir daha sübut etdi ki, əsl müəllim yalnız öz ixtisas sahəsində deyil, müxtəlif istiqamətlərdə də özünü inkişaf etdirən və cəmiyyətə nümunə olan şəxsiyyətdir.
2025–2026-cı tədris ili Ümmü Süleymanova üçün yalnız uğurlar ili deyil, həm də yeni zirvələrin fəth edildiyi bir dövr oldu. Onun qazandığı nailiyyətlər müəllim əməyinin qüdrətini, təhsilə olan sevgisini və daim yeniliyə can atan yaradıcı ruhunu nümayiş etdirdi.
Bu gün Ümmü müəllimin uğurları təkcə onun şəxsi qələbəsi deyil, həm də Şəki təhsilinin uğuru, müəllim nüfuzunun təntənəsi və gənc nəslə verilən dəyərin göstəricisidir. Çünki əsl müəllim yalnız dərs demir, o, iz qoyur, nümunə olur, gələcəyi formalaşdırır. Bir dərs ilində əldə olunan dörd böyük nailiyyət isə göstərir ki, məqsədə inamla addımlayan, peşəsini sevən və zəhmətdən çəkinməyən insanlar üçün uğur qaçılmazdır. Ümmü müəllimin uğur yolu da məhz bu həqiqətin ən gözəl sübutudur.

Əziz Mustafa