Baş prokuror Şəmkirdə vətəndaşları qəbul edib

Baş prokuror Şəmkirdə vətəndaşları qəbul edib

29 İyul 2016 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Baş prokuror Zakir Qaralov iyulun 29-da Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib. Baş Prokurorluğun mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Z.Qaralov bölgədə yaşayan 24 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapmış, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb. Eyni zamanda, prokurorluq orqanlarının səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qəbul zamanı vətəndaşlar əhaliyə göstərilən hərtərəfli qayğıya, bölgələrdə qəbulların silsilə xarakter almasına, regionlarda yüksək sosial-iqtisadi şəraitin yaradılmasına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Yekunda tabe prokurorların iştirakı ilə müşavirə keçirilməklə, vətəndaş-məmur münasibətlərinin Prezident İlham Əliyevin tələblərinə uyğun olaraq sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı konkret tapşırıqlar verilib.

Mediainfo.az