İcbari sığorta olunmayan avtomobillərin sahiblərinə qarşı reyd keçiriləcək
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun məlumatına görə, son vaxtlar Bakıda avtomobillərin icbari sığorta olmadan idarə edilməsi halları artıb. Bununla əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobilləri icbari sığorta olmadan idarə edən sürücülərə qarşı tədbirlər görməyə qərara alıb. Bundan sonra yol polisi əməkdaşları tərəfindən saxlanılan hər bir avtomobilin sürücüsündən digər sənədlərlə bərabər, sığorta şəhadətnaməsi də tələb olunacaq.
V.Əsədov həmçinin bildirib ki, bu ilin yanvarın 1-dən
fevralın 29-dək yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində
Bakıda yol polisi əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan 41 min
200-dən artıq sürücü barəsində inzibati protokol tərtib edilib. Onlardan 400-dən
çoxu nəqliyyat vasitəsini icbari sığorta olmadan idarə etdiyi üçün inzibati məsuliyyətə
cəlb edilib.
V.Əsədov qeyd edib ki, "Yol hərəkəti haqqında" qanunun tələbinə
uyğun olaraq nəqliyyat vasitəsi sahibləri avtomobillərini icbari sığorta etdirməlidir.
Əks halda, İnzibati Xətalar Məcəlləsinin 253-1-ci maddəsinin tələbinə görə,
müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş
fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin
bağlanmamasına görə fiziki şəxslər 10 manat, hüquqi şəxslər 60 manatdan 80
manatadək, vəzifələri şəxslər isə 150 manatdan 200 manatadək miqdarda cərimə
olunacaqlar.
O.M.