Blinken Türkiyənin xarici işlər nazirini İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyə çağırıb
ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığında alyansın Vilnüsdə keçiriləcək sammitində İsveçin NATO-ya daxil olmasına dəstək verməyə çağırıb. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.
“Blinken bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə NATO-nun Vilnüsdə keçiriləcək sammitini müzakirə etmək üçün danışıb. O, belə bir kritik zamanda NATO birliyinin vacibliyini vurğuladı və Türkiyəni İsveçin indi alyansa daxil olmasına dəstək verməyə çağırdı”, - Dövlət Departamentinin məlumatında deyilir.
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin artıq xəbər verdiyi kimi, Blinken və Fidan taxıl müqaviləsinin vaxtının uzadılması barədə də danışıblar.
Bundan əvvəl Hakan Fidan İsveçin NATO-ya daxil olmasının strateji təhlükəsizlik baxımından məqsədəuyğunluğuna şübhə etdiyini bildirmişdi. Nazir bildirib ki, İsveçin üzvlük “NATO-ya güc yox, daha çox problemlər gətirir”. Türkiyə hakimiyyəti İsveçi Ankaranın terrorçu hesab etdiyi Kürdüstan Fəhlə Partiyasının üzvlərinə sığınacaq verməkdə ittiham edir.
Əziz Mustafa, Oxumeni.az