SpaceX Ay raketinin ilk orbital uçuşunu sentyabrın 28-də keçirməyi planlaşdırır

SpaceX Ay raketinin ilk orbital uçuşunu sentyabrın 28-də keçirməyi planlaşdırır

13:23
Bəyəndim (1) Bəyənmədim (0)

İnsanların Aya və Marsa uçuşları üçün hazırlanan Starship kosmik gəmisinin sentyabrın 28-də Yer ətrafında ilk tammiqyaslı sınaq orbital uçuşunu həyata keçirməsi planlaşdırılır. Oxuməni.az xəbər verir ki, bu barədə gəmini hazırlayan SpaceX şirkəti məlumat yayıb.

“Qarşıdakı uçuş Starship-in Yerətrafı orbitə çıxacağı ilk uçuş olmalıdır. Əvvəlki bütün uçuş sınaqları suborbital trayektoriyalar üzrə həyata keçirilib. Orbitə çıxış Starship-in hazırlanmasının növbəti mərhələsinə – tam və sürətli şəkildə təkrar istifadəyə yararlı sistemin yaradılmasına yol açacaq”, – şirkətin açıqlamasında bildirilir.

Starship-in 14-cü sınaq uçuşunun sentyabrın 28-də SpaceX-in Texas ştatının cənub-şərqində yerləşən Boka-Çika bölgəsindəki Starbase kosmodromundan həyata keçirilməsi nəzərdə tutulur. Buraxılış üçün 75 dəqiqəlik zaman pəncərəsi ayrılıb. Bu pəncərə yerli vaxtla saat 07:15-də, Bakı vaxtı ilə isə saat 16:15-də açılacaq.

SpaceX-in planına əsasən, ilk tammiqyaslı orbital uçuş zamanı Starship Super Heavy daşıyıcı raketinin köməyi ilə Yer səthindən təxminən 275 kilometr yüksəklikdəki orbitə çıxacaq və planet ətrafında təxminən altı dövrə vuracaq. Uçuş zamanı orbitə 26 Starlink internet peyki çıxarılacaq.

Uçuşun müddətinin təxminən 10 saat olacağı gözlənilir. Orbitdən çıxışdan sonra kosmik gəmi Çilinin qərbində, Sakit okeanda yumşaq eniş etməlidir.

Bu arada, Starship-i orbitə çıxardıqdan sonra Super Heavy daşıyıcı raketinin Meksika körfəzində suya enməsi planlaşdırılır.

Starship kosmik gəmisi və Super Heavy ağır sinifli daşıyıcı raketindən ibarət çoxdəfəlik istifadə edilə bilən raket sisteminin hündürlüyü 120 metrdən çoxdur. Bu, indiyədək yaradılmış digər raketlərdən daha hündürdür. Super Heavy daşıyıcısı NASA-nın insanları Aya aparmaq üçün hazırladığı ağır Space Launch System (SLS) raketindən iki dəfə güclüdür.

Starship indiyədək 13 dəfə sınaq məqsədilə suborbital uçuş həyata keçirib və bunların səkkizi uğurlu olub. Sonuncu uğurlu uçuş iyulun sonunda baş tutub.

Almaz Həsənli