MAQATE Zaporojye Atom Elektrik Stansiyasında minalar aşkar edib

MAQATE Zaporojye Atom Elektrik Stansiyasında minalar aşkar edib

25 İyul 2023 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ekspertləri Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) ərazisinin periferiyasında piyada əleyhinə minalar aşkar ediblər.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı MAQATE-nin hesabatına istinadən məlumat yayıb.

Agentliyin hesabatında bildirilir ki, obyektin perimetri ətrafında daxili və xarici hasar arasında olan bufer zonada bir neçə mina aşkar edilib. Mütəxəssislər bildiriblər ki, onlar stansiyanın texniki personalının gedə bilmədiyi qadağan olunmuş ərazidə olublar.

“Biz ərazinin perimetrindən kənarda, eləcə də içəridə müəyyən yerlərdə minaların ilkin olaraq yerləşdirilməsindən xəbərdar idik. Komandamız bu tapıntını stansiya rəhbərliyi ilə müzakirə etdi, onlara dedilər ki, bu, (Rusiya – red.) hərbçilərin nəzarətində olan zonada hərbi qərardır”, - MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib.

O əlavə edib ki, ZNPP sahəsində belə partlayıcı maddələrin olması MAQATE-nin təhlükəsizlik standartlarına və nüvə təhlükəsizliyi təlimatlarına ziddir. Bu da stansiya işçilərinə əlavə psixoloji təzyiq yaradır.

Həmçinin bildirilir ki, MAQATE ZNPP reaktorlarının damlarına, xüsusən də “xüsusi maraq doğuran” 3 və 4 nömrəli enerji bloklarına giriş tələb etməkdə davam edir.

Bundan əlavə, Ukraynanın dövlət şirkəti “Enerqoatom” Zaporojye AES-in 4 saylı enerji blokunun iyulun 24-də “isti dayanma” rejiminə keçdiyini bildirib. “Bu cür hərəkətlər bu nüvə qurğusunun istismarı üçün lisenziyanın tələblərinin kobud şəkildə pozulmasıdır. İndi ZNPP-nin 4 nömrəli enerji blokunun istismarı yalnız "soyuq dayanma" vəziyyətində aparılmalıdır", - şirkətin açıqlamasında deyilir.

“Energoatom” 4 nömrəli enerji blokunun avadanlığının uzun müddət dayanması, ona texniki xidmət göstərilməməsi və təmir olunmaması nəticəsində yaranan nüvə və radiasiya təhlükəsizliyi üçün riskləri qeyd edib.

Əziz Salamoğlu