“Dedim ki, get ailə qur, mənim müəyyən problemlərim var”
Söz də musiqi kimi ruhun qidasıdır. O, ürəyin hərarəti ilə qızdıqda bişmiş olur. Duzlu-məzəli ovqat bişmiş sözə əlavə dad qatır. Bu cür sözün ləzzətindən isə doymaq olmur.
Bugünkü həmsöhbətim hərfi sözə çevirən, sözdən qafiyə tutan söz sərrafı Vüqar Qobuludur...
- Tanıyanlar tanıyır, tanımayanlara özünüzü tanıdın.
- 1972-ci ildə mayın 18-də Abşeronun Qobu qəsəbəsində anadan olmuşam. Ailədə üç bacı, iki qardaşıq. Bu sənət Allah vergisidir. Təhsilim ortadır, iyirmi beş ildir meyxana deyirəm. "De, gəlsin" layihəsinin iştirakçısı olmuşam.
- Ustadınız kim olub?
- Ustadım Yaşar Ağamirzə oğlu olub. İlk dəfə o hiss elədi ki, meyxanaya böyük marağım var. Məni özü ilə toylara apardı. Şükür ki, günün bu günü məni sevənlər çoxdur.
- Toylarda meyxana dediyinizə görə valideynlərinizin narazılığı olmadı ki?
- Çox vaxt toylardan evə gec gəldiyimə görə narazılıq olurdu.
- Ümumiyyətlə, uşaqlıq illəriniz necə keçib?
- Çox sakit uşaq idim. Mənim uşaqlığım SSRİ dövründə keçib. Yadımdadır, pioner qalstuku vurmayanda həmişə müəllimlərimiz bizə nöqsan tutub. Bizim ailədə ata-ananın dediyi söz qanun olmalıydı. Heç vaxt da dalaşqan olmamışam, çalışmışam səbirli insan olum.
- Haradan gəlir Qobu soyadı?
- 1987-ci ildə məni toya çağıranda balaca uşaq idim. Abşeronun Qobu kəndindən olduğuma görə deyirdilər, qobulu oğlanı çağırın toya. Ondan sonra məni bu təxəllüslə çağırdılar. Artıq 25 ildir Vüqar Qobuluyam.
- Kimə bənzəyirsiniz?
- Yalnız özümə, heç vaxt istəməmişəm kiməsə bənzəyim.
- Sizcə, özünü kiməsə bənzətməklə populyarlıq qazanmaq olar?
- Çalışmışam heç vaxt heç kimi parodiya etməyim, mənim öz dəst-xəttim var, öz yolum var.
- Hamı sizi "De gəlsin" meyxana yarışmasından tanıyır. Bu layihə Azərbaycan cəmiyyətinə nə verdi?
- Əvvəllər meyxanaya çox pis baxırdılar. Bu yarışmadan sonra maraq göstərdilər. Sonralar meyxananı sintez etdilər. İlk vaxtlar məni yalnız toylardan tanısalar da, bu layihədən sonra hamı tanıdı. İstər-istəməz yaxınlaşırdılar, fikirlərini bölüşürdülər. Adam var ki, populyarlaşan kimi xasiyyəti də, özü də dəyişir, amma məndə heç bir dəyişiklik olmadı. Bir tək toylarımın qiyməti qalxdı.
- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?
- Səmimi deyim, 200 manatdan 800 manata qədər pul verən olur. Həmişə qarşımda olan insanı başa düşməyə çalışıram.
- Tələbələriniz varmı?
- İki dənə tələbəm var, lakin onlar məni qane etmir. Ürəyim istəyən kimi meyxana deyə bilmirlər.
- Oxuduğunuz meyxanalar nədən yaranır?
- Meyxana eşqin gücü ilə yaranır. Ətrafdakıları, cəmiyyətdəkiləri yaxşı izləyəndə olan hadisələri görürsən, sonra da meyxana deyəndə fikrini çatdırırsan. Fərqi budur ki, başına gələn hadisələri qoşma kimi deyirsən, bir də insana Allah güc verir.
- Bildiyimə görə, müasir dövrdə meyxanaçılar qafiyələrini əvvəlcədən hazırlayırlar və tamaşaçılara bədahətən kimi təqdim edirlər. Niyə?
- Təəssüf ki, belə hallar indi çox geniş yayılıb. Meyxanaçılar konkret toylar, məclislər üçün qafiyələri əvvəlcədən hazırlayırlar. Məclisdə qonaqlara elə təqdim edirlər ki, guya qafiyə təsadüfən açılıb. Hətta televiziya verilişlərində də bu cür hallara tez-tez rast gəlinir. Peşəkar meyxanaçılar bunu o dəqiqə başa düşür. İndi sinədəftər deyən çox azdır.
- Meyxanada rəqibiniz kimdir?
- Meyxanada rəqib olmur. Çünki hər hansı bir toyda olanda deyişirsən. Əsas rəqib sözdür. Söz ehtiyatın çox olmalıdır.
- Bugünkü şou-biznesin sərt qanunlarından özünüzü necə qoruyursunuz?
- Mən yüngül insan deyiləm, şou-biznesdə atılıb düşənlərə çox pis baxıram. Yazılmış qanunlardan qorunmaq üçün sadəcə özümü yüngül aparmıram.
- Bu yaxınlarda həmkarlarınız Oqtayla Samirənin video-görüntüləri yayıldı. Bir meyxanaçı kimi bu xoşagəlməz hadisəyə necə reaksiya verdiniz?
- Belə deyərdim ki, Oqtay gözəl meyxana deyəndir, Samirə də müğənnidir. Baxmışam. Düzü, əsəbiləşdim. İkisi də dostlarımdı. Yaxşı da qəbul olunublar. Elə olub ki, bir gündə beş toya gediblər. Çünki onlara maraq böyükdür. İlahi bir kəlam var: "bir insanın haqqında hökm verməyə tələsməyin, çünki onu məndən yaxşı tanıyan yoxdur!" Hər hansı meyxanaçını dinləyicilərə sevdirmək və ya onların gözündən salmaq mümkün deyil. Çünki son söz hər zaman dinləyicinin olur.
- Bir çox həmkarınız duet oxuyub, meyxananı sintez edib. Vüqara necə, duet təklifi gəlib?
- Belə bir şey ola bilməz, çünki istəmirəm. Qaldı ki, mən meyxana deyirəm, səs tembrim buna imkan verir. Bir də sənin gözəl avazın olmalıdır. Müğənni istədiyi vaxt oxuya bilər, amma mən istəmirəm ki, kiminləsə duet oxuyum, bu, mənim şəxsi fikrimdi.
- Namiq Məna meyxananın adını bədiiyə qoymaq istəyir. Sizcə, səbəb nədir?
- Namiq Məna ilə iyirmi beş ildir tanışam. İnanın, onunla bir kəlmə söhbət etməmişəm bu haqda. Mən öz adıma deyirəm, bədiiyəni qəbul etmirəm. Meyxananı qəbul edirəm.
- Bəs bugünkü meyxana sənətində ən çox sizi nə narahat edir?
- İnanın, ürəyimdən xəbər verdiniz. İndiki bəzi meyxanalar estrada stilində başlayır, bu, məni çox narahat edir. Müğənni müğənniliyini eləsin, meyxanaçı da meyxanasını desin. Bəzən söyüş deyirlər, meyxanada söyüşlərin əleyhinəyəm.
- Qadınlarda sizi ən çox nə cəlb edir?
- Əsas qadının düzgünlüyüdür, namusu, ismətidir. Qadın adı kifayətdir.
- Siz də ağıllı qadınlardan qaçırsınız?
- Xeyr, heç vaxt qaçmamışam. Ağıllı kişi ağıllı qadından qaçmaz.
- Tənhalıqdan qorxmursunuz ki?
- Subay olsam da, anamla bir yerdə yaşayıram. Küçədə dost-tanışım çoxdur. Düzdü, ailə qurmaqda gecikdim. Hiss edirəm ki, vaxt keçib artıq, 41 yaşım var.
- Bəs deyirlər ki, ailəli olub boşanmısınız?
- Yox, yalan söhbətdir, ailəli olmamışam, bunu bütün dost-tanışlarım bilir. Sadəcə ola bilsin bir müddət kiminləsə görüşmüşəm, onu deyirlər. Ümumiyyətlə, boşanmağım haqda deyilənlər şayiədir.
- Ailə qurmamağınıza səbəb nədir? Dilə-dişə düşməkdən qorxmursunuz?
- Səbəblər olub ki, ailə qurmaq istəməmişəm. Biri var ictimaiyyətlə bağlı məsələ, biri də var şəxsi məsələ. Gərək arzum yerinə yetərdi ki, mən də ailə qurardım. Yəqin ki, arzuma çatıb sonra ailə quracağam. İnanın, evdə hər gün bu haqda söhbət gedir. Anam evlənməyimi tələb edir. Bilirəm ki, gecikmişəm, gərək vaxtında ailə qurardım.
- Ola bilər ki, böyük bir məhəbbətin acısını yaşadığınız üçün ailə qurmursunuz?
- Düz dediniz, 25 yaşında böyük bir məhəbbət yaşadım, bir qıza möhkəm bənd oldum. Cavan vaxtı hamının qəlbində ilk məhəbbəti olur. Əsas sevib-sevilmək deyil, qismət məsələsidir. Artıq ilk sevgimdən on beş il keçib. Həmin xanım ailə qurub. Mən öz fikrimi bildirdim, dedim ki, get ailə qur, mənim müəyyən problemlərim var. Düzdü, qarşı tərəfdən bir problem yox idi, sadəcə, başa saldım ki, məni gözləməsin.
- Bəs sonralar ilk məhəbbətinizlə rastlaşmısınız?
- Yox, həmin xanım ailəlidir. Heç vaxt istəmərəm ki, ailəli bir xanımla görüşüm. Düzü, istər-istəməz ilk məhəbbət unudulmur, qəlbdə qalır. Bir də ki, kiminsə ailəsinə müdaxilə etsəm, nöqsan sayılar. Allah qarşısında günahdır. Amma gec-tez fikirləşirəm ki, ailə qurum.
- Hazırda həyatınızda kimsə var?
- Yoxdur. Qadın olub ki, məni sevib, amma mən bəyənməmişəm. Yaş önəmli deyil. İnsan xoşbəxtliyini hər yaşda tapa bilər. Xoşbəxtlik bir stimuldu, insan həmişə, hər yaşda ona çatmağa can atır. Peyğəmbərimizin də xanımı özündən qat-qat böyük olub. Elələri olur ki, özündən on beş yaş kiçik oğlana gedir. Elə bir insan tanıyıram ki, altmış-yetmiş yaşında ailə qurub, övladı dünyaya gəlib. Mən fikirləşirəm ki, insan həyatı boyu elm öyrənməlidir.
- Alın yazısına, bədnəzərə inanırsınız?
- Mən dindar adamam. Dini kitablarda var ki, Allahın adına heç nə yazmayın, O zülm etmir. Yaxşılıq edirsənsə, haçansa həmin yaxşılıq sənin qarşına çıxır. Deyirlər, bəd nəzər var. Mənim fikrimcə, cəmiyyətdə yaxşı əməllərlə yaşayan insanı bəd nəzər tutmaz. O insanı ki bədnəzər tutur, demək, o, bəd-bəd işlərlə məşğul olub.
- Görəsən, insanın içində Allah xofu olmasa, o, nə edər?
- Həmin insana insan demək olmaz.
- Sizcə, indiki insanlar nəyi itirirlər?
- Vaxtlarını boş keçirirlər, elm öyrənmirlər. Mən də günlərimi boş-bekar keçirib cavanlıq eləmişəm, kaş elm öyrənərdim. Çünki hər şeyin açarı elmlə qurtarır. Yəni həyatda bütün sirlərin açarı elmdədir. Həyat elmlə başlayır və elmlə qurtarır.
- Sizin qəlbinizə nə toxuna bilər?
- Haqqı qoyub haqsızlığı demək.
- Ürəkdən haçan ağlamısınız?
- Heç vaxt hönkürtü ilə ağlamamışam. Ağlayanda da səssiz ağlamışam.
- Qısqanc insansınız?
- Bəli, çox qısqancam.
- Həmişə səmimi olmağı bacarırsınız?
- Yox, hərdən qəddar da oluram.
- Dostunuz çoxdur?
- Məncə, yox.
- Bəs qadın dostlarınız var?
- Belə var, salam-sağ ol, onlara da dost demək olmaz. Bayramlarda bir-birimizi təbrik edirik. Elələri var ki, ailəvi dostuq.
- Bəs düşməniniz necə?
- Deməzdim düşmənim var. Çünki həmişə sülh tərəfdarı olmuşam.
- Hansı hadisə yaddaşınızdan silinmir?
- Bir dəfə bir həmkarımla zarafatlaşdım, çox ciddi qəbul elədi. Əgər bir-birimizi başa düşməsəydik, bəlkə də düşmən olardıq.
- İlk dəfə kamera qarşısına çıxanda hansı hissləri keçirdiniz?
- İlk çıxışım "Səda" verilişində oldu. Çox həyəcanlı idim. Sevinirdim ki, efirə çıxmağa layiqəm. Özü də qismətə çox inanıram. Efirə birinci dəfə çıxanda mənə qəribə gəldi. Arzularım, xəyallarım çox idi, bir-bir başıma gəldi. İndi də hər həftə efirdə oluruq. Bunun özü də böyük reklamdır bizə. Sağ olsun ANS kanalı, bütün istedadlara dəstək olur.
- "Ustadım olmayıb" deyən meyxanaçılar var. Sizcə onlar hansı yolla gedirlər?
- Kim ustadını dansa, çox gedə bilməz. Bu həyatda hamı bilir həmin insanın ustadı kim olub. Meyxana sənəti təblə bağlıdır. Ola bilər ki, qüvvən bu gün çatar, cavab verə bilərsən, elə də olar, cavab verə bilməzsən.
"Söz də musiqi kimi ruhun qidasıdır" dedik. Bugünkü söhbət qazanında sözü-sözə qatdıq. Meyxanaçılar demişkən, ləzzətli söhbət alındı. Onu duyğularında həzm edən hər kəsə nuş olsun!
Şəlalə Nəriman
O.M.









































.jpg)
.jpg)
.jpg)












































