İtaliya Karavacconun nadir rəsm  əsərini 30 milyon avroya alıb

İtaliya Karavacconun nadir rəsm  əsərini 30 milyon avroya alıb

Bəyəndim (2) Bəyənmədim (0)

İtaliya məşhur italyan barokko rəssamı Karavacconun rəsm əsərini 30 milyon avroya alıb. Bu, sonradan Roma Papası VIII Urban olmuş din xadimi Maffeo Barberininin portretidir. Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” yazır.

İtaliya hakimiyyətinin Karavacconun tablosu üçün ödədiyi qiymət, sənət əsəri üçün indiyə qədər ödənilən ən yüksək qiymətlərdən biridir.

İtaliyanın Mədəniyyət Naziri Alessandro Ciuli bildirib ki, Karavacconun bu əsəri "müstəsna əhəmiyyətə" malikdir. Karavacconun rəsm əsərinin alınması, İtaliyanın ən vacib sənət əsərlərini dövlət kolleksiyalarında cəmləşdirmək planının bir hissəsidir. Beləliklə, İtaliya hakimiyyəti vacib sənət əsərlərinin şəxsi kolleksiyalara düşməsinin qarşısını almağa çalışır.

Maffeo Barberininin portreti uzun müddət Florensiyada şəxsi kolleksiyada saxlanılıb və ilk dəfə 2024-cü ildə Romada keçirilən sərgidə geniş ictimaiyyətə təqdim edilib.

Dünyada Karavacconun təxminən 60 məlum əsəri var və bunlardan yalnız üçü portretdir.

Portret, hazırda Milli Qədim Sənət Qalereyasının yerləşdiyi Barberini Sarayının daimi kolleksiyasına təhvil verilib. Maffeo Barberininin portretinin Karavacconun digər əsərləri ilə birlikdə sərgilənməsi planlaşdırılır.

XX əsrin ortalarına qədər bu, şəkildə təsvir olunan gənc Maffeo Barberiniyə – gələcək Roma Papası VIII Urbana aid olan zadəgan Barberini ailəsinin sarayı idi. Portretdə o, hələ gənc bir keşiş kimi, sağ əlinin vəziyyətinə görə xidmətçilərə göstərişlər verir.

Rəsm 1598-ci ildə çəkilib. Barberini 1623-cü ildə papa seçilib və 1644-cü ildə ölümünə qədər papa taxtında qalıb.

Papa VIII Urban, digər şeylərlə yanaşı, sənətin himayədarı kimi də tarixə düşüb.

Karavacco, barokko dövrü rəssamlığında realizmin ən parlaq nümayəndələrindən biridir. O, ilk dəfə "kyareskuro" texnikasını – işıq və kölgənin kəskin kontrastını tətbiq edərək, tablolara dramatiklik qatıb.

Almaz Həsənli