İranda casusluqda şübhəli bilinən 30 nəfər saxlanılıb
ABŞ-İsrail arasında İrana qarşı birgə hücumlar davam edərkən, İranın Kəşfiyyat Nazirliyi xarici dövlətlər adından casusluq etməkdə şübhəli bilinən şəxslərə qarşı əməliyyatlar elan edib. Nazirliyin açıqlamasında bildirilir ki, müxtəlif əyalətlərdə keçirilən əməliyyatlar zamanı ABŞ və İsrail adından hərəkət etdiyi iddia edilən 30 nəfər saxlanılıb.
Cənubi Fars körfəzində iki ölkə adından casusluq etməkdə şübhəli bilinən bir xarici vətəndaşın Rəzəvi Xorasan əyalətində saxlanıldığı bildirilib. Bu şəxsin İran hərbi və təhlükəsizlik qüvvələri haqqında məlumat topladığı və bu məlumatları ABŞ və İsrailə ötürdüyü müəyyən edilib.
Həmçinin, İranın cənub-şərq sərhədində fəaliyyət göstərən terror təşkilatının üzvünün Sistan və Bəlucistan əyalətində ABŞ və İsrail adından casusluq ittihamı ilə saxlanıldığı bildirilib. Şübhəlinin hərbi və hüquq-mühafizə orqanlarının mövqeləri, eləcə də müdafiə obyektləri haqqında məlumat topladığı və bu məlumatları qarşı tərəfə ötürdüyü müəyyən edilib.
Kürdüstan əyalətində kəşfiyyat xidmətləri ilə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) arasında keçirilən birgə əməliyyatda təşkilat üzvləri üçün rabitə avadanlığı daşıdığı bildirilən separatçı terror təşkilatının üzvünü saxlayıb. Şübhəlinin əlində olan xüsusi rabitə cihazlarının müsadirə edildiyi bildirilib.
Eyni əyalətdə təhlükəsizlik qüvvələri tərəfindən keçirilən başqa bir əməliyyat zamanı terror təşkilatı üçün nəzərdə tutulmuş silah yükü ələ keçirilib. Göndərişdə 10 ədəd Kalaşnikov avtomatı, 21 ədəd maqazin və 630-dan çox patron olub. Hadisə ilə əlaqədar iki nəfərin saxlanıldığı, birinin isə təşkilatın elementləri tərəfindən öldürüldüyü bildirilib.
Bəyanatda həmçinin bildirilir ki, İsraillə əlaqəsi olan 19 nəfər ölkə daxilində səkkiz fərqli əyalətdə saxlanılıb. Bildirilib ki, şübhəlilərdən biri 10 il xaricdə qaldıqdan sonra ölkəyə qayıdıb, cənub-qərb əyalətində silahlı qrup yaradıb və paytaxt Tehranda hücuma hazırlaşarkən saxlanılıb.
Tehranda keçirilən başqa bir əməliyyat zamanı altı nəfər də saxlanılıb. Şübhəlilərdən 200-dən çox iti əşya, 5 kiloqram narkotik və 200 litrdən çox spirtli içki müsadirə edildiyi bildirilir.
Əziz Mustafa



















































































