İran müharibə başlayandan bəri ən güclü zərbəni vurduğunu bildirdi
İran, çərşənbə günü Yaxın Şərqdəki İsrail və Amerika hədəflərinə qarşı yeni kütləvi zərbələr endirib. Bu barədə Oxuməni.az İranın dövlət televiziyası “Irib”-in verdiyi məlumata istinadən xəbər verir. Televiziya kanalının istinad etdiyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilir ki, bu zərbə "müharibə başlayandan bəri ən intensiv və güclü" olub və üç saat davam edib.
Zərbələr Tel-Əviv və Hayfa daxil olmaqla, İsrail şəhərlərinə, həmçinin Qüdsün qərb hissəsinə yönəldilib. İsrail ordusu ölkəyə doğru uçan raketlərin aşkarlandığını və hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini bildirib. AFP jurnalistləri Qüdsdə hava həyəcanı siqnalının səslərini və uzaqdan partlayışları xəbər veriblər.
SEPAH həmçinin Bəhreynə yerləşdirilən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının bazasına və İraqın Kürd bölgəsindəki üç obyektə, o cümlədən Ərbilə ballistik raketlərin atıldığını bildirib. SEPAH həmçinin bəyan edib ki, heç bir ABŞ Hərbi Dəniz Qüvvələri gəmisi Hörmüz boğazına yaxınlaşmağa "cürət etməyib". Bu bəyanat ABŞ Energetika Naziri Kris Raytın əvvəlcə boğazdan neft tankeri müşayiət etdiyini bildirməsindən, lakin bir neçə dəqiqə sonra bu paylaşımı silməsindən sonra gəlib.
İranın yeni hücumları çərşənbə günü səhər tezdən Fars körfəzi regionu boyunca qeydə alınıb. Səudiyyə Ərəbistanı ölkənin müxtəlif hissələrində yeddi ballistik raketi və yeddi pilotsuz təyyarəni ələ keçirdiyini bildirib. Bəhreyndə hava həyəcanı siqnalları səslənib, BƏƏ də ələ keçirmələr barədə məlumat verib.
Almaz Həsənli


















































































